Dünyada tanınmış bir çox şirkətlər Azərbaycanda yeni sənaye sahələrinin yaradılması ilə bağlı iş görür.
FED.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı məsələsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet məsələlərdən biridir: "Dünyada tanınmış bir çox şirkətlər Azərbaycanda yeni sənaye sahəsinin yaradılması ilə bağlı iş görür. Hazırda azad sənaye zonalarının yaradılması ilə bağlı iş gedir".
A.Əliyev qeyd edib ki, növbəti ilin sonunda İran ilə birgə avtomobil zavodunun tikintisi layihəsi reallaşacaq: "Fikrimcə, Türkiyə investisorlarının tanınmış brendlərlə bağlı Azərbaycanda müəyyən sənaye müəssəsilərinin yaradılması gözəl olardı. Eyni zamanda, MDB ölkələri arasında azad ticarət zonası haqqında sazişlər imzalanır və əksər mallara gömrük rüsumu tətbiq olunur. İstehsalatın ölkəmizdə yaradılması nəticəsində Azərbaycan brendləri Türkiyə sənayeçilərinin köməyi ilə MDB ölkələrinə və dünya bazarına çıxarılacaq".