“Biznesə peşəkarlar lazımdır!” - Bu sözlər artıq sahibkarlarımız arasında yayılmış bir sloqan olmuşdur. İş dünyası artıq çox yaxşı anlayır ki, biznesin inkişaf etməsi, idarəçilikdə sistemin qurulması, müştərilərlə əlaqələrin qurulması, şirkətin brendinin möhkəmləndirilməsi üçün işə mütəxəssislər cəlb edilməlidir.
Eləcə də bax: İşçilər bir-birinin maaşlarını bilməlidirlərmi? – FƏXRİ AĞAYEV YAZIR
Bütün çıxışlarımda dediyim bir cümlə var : “peşəkarlarla işləmək bahalıdır, ancaq qeyri-peşəkarların verəcəyi zərər qədər bahalı deyildir.”
Peşəkarlarla işləmə qərarı alan sahibkar ilk öncə onlarla görüşlərə başlayır. Müsahibələrdən sonra özünə verdiyi ilk iki sual bunlar olur : “peşəkar kimdir?” və “peşəkarlıq nədir?”
Daim tanış işadamlarından qarşılaşdıqları vəziyyət haqda eşidirəm : işə özünü peşəkar kimi təqdim edən insan cəlb edilir və bir müddət sonra müəyyən olunur ki, insanın iddiaları və sözləri ilə əməlləri və nəticələri üst üstə düşmür. Başqa hallar da baş verir : insan işə götürmə mərhələsində elə bir təəssürat yaradır ki, öz işini yaxşı bilir, lakin daha sonra anlaşılır ki, insanın ancaq nəzəri bilikləri vardı
Əslində isə peşəkarlıq ancaq bilik və təcrübə demək deyildir. Bununla bərabər hər özünü təsirli şəkildə təqdim edən insan da mütəxəssis deyil.
Bu məqaləmdə oxucularla mənə iş həyatımda çox faydalı olan, namizədlər arasında əsl mütəxəssisləri müəyən etməkdə köməklik edən və rəhbər işlədiyim uzun illər nəticəsində peşəkarların sinifləndirməsini göstərmək istəyirəm.
Beləliklə... peşəkarları necə sinifləndirmək olar?
Birinci kateqoriya - danışanlar.
Gözəl nitq. Xarici dildə terminlər hər cümlədə. Əminlik nümayiş edən bədən dili və duruş. Hər şey gözəl təqdim edilir – bacarıqlar, bilik, təcrübə, öncəki işlərdə olan nəticələr. İşdə edəcəkləri dəyişikliklər və inkişaf barəsində ciddi vəədlər verirlər. Rəhbərin təsəvvüündə aktiv, müsbət və öz işini bilən peşəkar obrazını yarada bilirlər. Danışanları həm də sabun köpüyü adlandırmaq olar – içi boş olan gözəl görüntü.
Belə bir danışan mütəxəssislərlə ünsiyyət təcrübəsi olmayan şirkət sahibi ilə görüşəndə əmin duruşu, terminlər ilə və gələcəklə bağlı verdiyi sözlərlə gözəl təsir bağışlayır.
Danışanın nəticələrini maksimum 3 ay sonra görmək olur : onun ən yaxşı halda potensialı dediklərinin 20 %i etməkdir. Pis nəticələrin müzakirəsinə bu insan şirkətdə pis mühit, komanda tərəfindən dəstəyin olmaması, zaman çatışmazlığı kimi səbəbləri dilə gətirir. Hərkəs günahkardır. Maraqlı olan odur ki, bu halda belə o bütün hadisələri gözəl şəkildə ifadə edə bilir.
Bu tərz insanı müsahibə mərhələsində necə müəyyən etmək olar?
Şirkətinizlə bağlı real bir tapşırıq vermək və çözümünü xahiş etmək.
Yazılı şəkildə istəmək və daha sonra öz təkliginin təqdimatını xahiş etmək
Məni təcrübəmdə belə bir hal olmuşdu – müştərim olan firmalardan birinə işə daha öncələri böyük bir firmada işləyən, hadisələri görən amma həll edici rolda olmayan bir danışanı işə alma mərhələsi idi. İnsan konkret danışan tip idi. Sahibkarla görüşdə bəziləri biri-biri ilə əlaqəli olmayan ingiliscə terminlərdən insanın gözləri qamaşırdı, Mən ona olduqca sadə tapşırıq verdim. Etdi. Çox mükəmməl etdi – 40 təklif verdi. Tamaməm boş 40 təklif. Nəzəri, kitab cümlələrindən ibarət 40 təklif. Təkliflərlə əlaqəli praktiki əsaslandırmalar verə bilmədi. Şirkət sahibi onu işə alma qərarını verdi. Nəticə - 3 ay sonra ayrıldılar. İnsan sadəcə danışan tip idi – bütün şirkəti, sahibkarı, komandanı da ittiham edirdi. İncimiş və narazı ayrıldı və getdiyi yerlərdə şirkət haqda mənfi məlumatlar paylaşırdı. Yeni şirkətlərdə fəaliyyəti davam etdi – hər yerdə vəədlər verib öncəki iş yerlərində uğursuzluqların səbəbini gözəl şəkildə başa salaraq.
İkinci kateqorya – sertifikatlaşdırılmış mütəxəssislərdir.
Bu insanlar sənədlərin hər şeyi həll etdiyini düşünürlər. Sertifikat verilən bütün təlimlərdə iştirak edirlər – zamanın idarə olunması, liderlik, marketinq, maliyyə, satış, idarəçilik, vs. Bəzi təlimlərin biri-biri ilə məntiqi və ya peşəkar baxımdan əlaqəsi olmur.
Müsahibələrə bütün sertifikatları gətirirlər – təlimlər, master klaslar, seminarlar, konfranslar. Sertifikat yığmaq üçün daim qaçan bu insanlar aldıqları məlumatları tətbiq etməyə zaman tapa bilmirlər. Əsas məqsəd saydır.
Müsahibə mərhələsində sertifikat sevən insanı necə anlamaq olar? Çox sadə.
Təlim və seminarlarla aldıqları biliklərin real iş həyatında tətbiq edilməsini soruşmaq.
- Zamanın idarə edilməsi təlimində olmusunuz? Gözəl. Təlimdən sonra real iş həyatınızda tətbiq və nəticə əldə etdiyiniz 3 aləti bizimlə paylaşın lütfən.
Üçüncü kateqoriya peşəkarlar : keçmişdən olan insanlar.
Yaş 36 +. 8 il öncə hansısa səbəblərə görə bir sahədə uğurlu olub.
10-12 il işləyib. İnkişaf olmayıb – bütün işləri avtomatik edib. İllərlə, özünü təcrübəli sayıb, lakin əslində zaman, bazar, biznes və iş dünyasından çox geridə qalıb. Bir gün onlarla şirkət yolları ayırıb.
Son 3-5 ildə insan işləmir. Özünü bilikli və təcrübəli qəbul etdiyinə görə yüksək maaş tələb edir, amma daha gənc, müasir biliklərə malik, daha az eqo və maaş tələbi olan enerjili gəncləri görmür.
Bütün müsahibələrdə öncəki uğurları və işdə etdiyi qəhrəmanlıqlar haqda danışır. Bunlar çox öncəki illərdə olub. Hər il bu insan öz uğurlarına əlavələr edir. Bundan sonra özünə qarşı daha da çox ədalətsizliyin olduğunu dşüünür – cəmiyyət məni anlamır, imkan vermirlər işləməyə, rəhbərlər məndən rəqib kimi qorxurlar, vs.
Son 3-5 ildə ona görə işləmirlər ki, iş dünası onların real peşəkar vəziyyətlərini görür və onlara tələbləri altında iş təklifləri edirlər. Onlar isə özlərini daha yaxşı şərtlərə layiq olduqlarını düşündüklərinə görə edilən təklifləri qəbul etmirlər.
Nəticədə isə keçən zaman ərzində peşəkar formlarını daha da itirirlər.
Bu insanlardan bəziləri “son 3 ildə niyə işləmirsiniz?” sualına yaradıcı cavab verirlər : “mən konsultasiya xidmətləri təqdim edirdim”.
Gözəl. Kimlərə? hansı şirkət və ya sahibkarlara? Hansı xidmətləri? Xidmətlərin qiyməti-ödənişi nədir?
Cavab qısa və konkret olur: biznesin inkişafı üzrə konsultasiyalar verirəm. Dostlarıma. Pulsuz.
Absurddur. Keyfiyyətli xidmət əsla pulsuz ola bilməz.
Aydındır. Ən yaxşı halda konsultasiya işadamı dostuna çay içərkən “bəlkə bu işi belə edəsən?” kimi bir fikrin irəli sürülməsidir.
Bu insanların ən pis versiyası “peşəkar cəsədlərdir”. Peşəkar cəsədlərin keçmişdə də ciddi nəticələri olmayıb. Onlar özləri haqda ancaq uğur hekayələri düşünə bilir və ya böyük firmanın kiçik bir parçası olublar. Bəli, uğurlu firmada işləyiblər, amma bilirsiniz necə? Böyük bir gəminin ən alt hissəsində işləyən bir işçinin gəminin gedişi, göstəriciləri, istiqməti, ətraf mühit və idarə edilməsi haqa görə bildiyi qədəriylə.
Dördüncü kateqoriya –şəxsi keyfiyyətlərində problemləri olan peşəkarlar.
Nəzəriyyəni yaxşı bilirlər. praktiki təcrübələri güclüdür. Lakin bu insanların şəxsi keyfiyyətlərində problemlər va.
Dəqiq olmaya bilirlər, daim işə gecikirlər və ya tapşırıqları zamanında çatdırmlarlar. Bu insaların bir alt kateqoriyası “virus” insanlardır – dedi-qodu yayırlar, şirkətdə baş verənləri mənfi aurada müzakirə edirlər, rəhbərliyin qərarlarını kəskin şəkildə tənqid edirlər, və beləliklə şirkət daxilində narazıçılq viusunu yayırb ümumi ab-havanı pozurlar. Bir müddət sonra şirkə rəhbəri anlayır ki, bu insanın işləri nəticəsində şirkətə verdiyi fayda onun komandanın mənəvi-pxisoloji ruhuna verdiyi zərərdən daha azdır. Rəhbərin düşüncəsində növbəti mərhələ - mənə belə insan lazımdır?
Bu kateqoriyanın bir alt növü kobudlardır. Özlərindən aşağı vəzifədə olanlarla qısa və dişləri arasında danışırlar; özləri ilə eyni vəzifədə olanlarla belə kobud danışaraq onları əzə bilirlər. İnsanlara qarşı çox səthi olub bivec davranırlar.
Beşinci kateqoriya – peşəkar ulduzlardır.
Nəzəri və təcrübə baxıdımndan güclüdürlər. Zəhmətkeşlik yüksək səviyyədə. Lakin işi şəxsən özünə bağlamağı sevir. İlk işə başladığı dəvrdə çox işləyir. Rəhbər onun işini və işə bağlılığını çox bəyənir. İşlərində sərbəstlik verilir ona. Zamana qənaət etmək üçün öz şöbəsinə insanları özü almağı istəyir rəhbərdən və buna icazə alır. İnsan Resursları rəhbəri buna etiraz etsə də, rəhbər bildirir ki, peşəkarlara sərbəstlik verilməlidir ki, özünü rahat hiss etsin və nəticə versin. Bu mütəxəssisin bütün əməkdaşları şəxsən ona sadiqdirlər. Bir müddət sonra şirkət daxilində öz qaydaları, mikro mühiti olan müstəqil bir xanlıq sərhədləri görünməyə başlayır. Bu peşəkarın komandası özünü elita kimi qəbul edir və şirkətin digər əməkdaşların yüksəkdən baxırlar.
Bütün iş artıq şəxsən bu peşəkara və onun komandasına bağlıdır.
Peşəkr ulduzun növbəti mərhələri – peşəkar terroristdir. Bu insan şirkət rəhbərinin şantaj etməyə başlayır, şirkət daxilində olan proseslərə kobud şəkildə təsir edir, özünə və komandasında daha yaxşı imkanlar və şərtlər tələb edir. Danışıqlar masasında isə əsas arqumenti özünün və komandasının getməsidir.
Əgər peşəkar ulduzla yolları ayırmaq çətindirsə, peşəkar terroristlə bəzən mümkünsüzlüyə yaxın olur, çünki insan bu mərhələdə artıq tamamən işini özünə bağlamış olur.
Müsahibə mərhələsində ulduzu necə müəyyən etmək olar?
Bu tərz insanlar öz işləri haqda danışanda dəfələrlə “mən mən mən”, “mən etdim”, “ancaq mənim işlərim nəticəsində”, “mənim komandam və onlar”, “mən getdim, ora dağıldı” kimi cümlələri və iddiaları işlədir.
Altıncı kateqoriya peşəkarlar – oğrulardır.
Yenə də - nəzəriyyə və təcrübə əladır. Lakin insan daim əlavə və haqqı olmayan gəlir imkanlarını axtarır. İşini çox yaxşı bilir, çox işləyir və şirkətə fayda da verir, amma ilk fürsətdə oğurluq edir. İllərlə onun qarşısında artıq “mən və ya şirkət” dilemması qalmır – o ancaq öz şəxsi maraqlarını seçir. Belə bir halda o etdiyi seçimi, misal üçün, şirkət üçün daha bahalı olan, ancaq özünə fayda verəcək avadanlığın alınmasını gözəl şəkildə əsaslandıra bilir. Otkat ala biləcəyi və ya oğurluq etmə imkanı olan bütün sxemləri bilir. Bu insanlar tək bir məqamı unudur : hər an partlayış ola biləcəyi mina sahəsində gəzən insan kimidirlər. Şəxsən bir insan tanıyıram : bir dəfə belə tutulmadan 15 il ərzində işlədiyi şirkəti insan soyub – sahibkar ona etibar edib və bu insanın üzərində nəzarət olmayıb. Rahatlayıb diqqətsiz olan bu mütəxəssis yeni ofis üçün mebel alışında mebel şirkətindən özünə də pay istəyəndə bilmirdi ki. mebel fabriki sahibi ilə onun işlədiyi firma sahibi tanışdırlar. Bir zənglə bu insanın karyerası darmadağın oldu. Bu gün hələ də işsizdir.
Ən son – 7ci kateqoriya isə əsl peşakarlardır. Nəziri bilikləri – var. Təcrübə - əladır. Şəxsi keyfiyyətlər və işə yanaşma : məsuliyyət, dəqiqlik, ciddiyət – hamısı yerində. Dürüstlük- insan tam şəffafdır. İnsan ulduz deyil və ulduz olmaq istəmir – komanda oyunçusudur və ya rəhbər olaraq sistem qurur və işi şəxslərə bağlamır. Lakin.... Birincisi, bu əsl peşəkarlar yuxarıda qeyd edilənlər arasında itirlər və onları seçmək çətindir. Və, təəssüf ki, bu adamları işə qəbul edən sahibkarlar və rəhbərlər onları layiqincə dəyərləndirmirlər.
Bu məsələylə bağlı mənim məsləhətlərimi iki hissəyə bölmək olar – biznes sahibləri və peşəkarlar üçün ayrı.
Dəyərli peşakarlar!
- bilik və təcrübə vacibdir, lakin şirkətə mənfi şəxsi keyfiyyətlərinizə görə verəcəyiniz zərər fonunda avtomatik olaraq keçirlər ikinci plana;
- reputasiya və haqqınızda olan fikirlər iş dünyasında yanğın sürəti ilə yayılır. Ciddi, dürüst, sistemli və komanda oyunçusu insan obrazınızı qoruyun. Uzun müddətli perspektivdə sizin karyeranıza birbaşa təsir edəcək. Peşəkarın ən mühim sərmayəsi onun reputasiyasıdır.
Biznes sahiblər və rəhbərlər məsləhətlərim :
- parıldayan hər metal qızıl deyildir. Bəzi insanlar məzmunlarını gizlədə və parıltını göstərə bilir. İnsanın məzmununu kəşf etməyi bacarın;
- “İnsanın məzmununu kəşf etməyi bacarmaq” əslində çox asandır – sadəcə qızıl örtüyü bir az qaşıyın – öncəki iş yerində işləyənlərdən məlumat alıb, tapşırıqlar verin, vs;
- Eşitdikləriniz və gördüklərinizin təsiri altında tələsərək qərar verməyi özünüzə qadağan edin. İlk təəssürat aldacıdı ola bilər. Buna görə də ilk öncə özünüzə bu sualı verin : mən bu insana niyə inanmalıyam? Bu sualı verdikdən sonra insan haqda məumat araşdırmağa başlayın;
- İnsan haqda məlumat axtaranda ancaq bir məlumat mənbəyinə etibar etməyin. Obyektivlik üçün bir neçə mənbələri araşdırın. Misal üçün, işə rəhbər alacaqsınız. Ehtimal var ki, onun haqda mənfi rəy bildirən insan ona qarşı küskündü və ilk fürsətdə ona zərər verməyə çalışır. Başqa bir ehtimal – birbaşa rəhbəri bu insanı özünə rəqib görürdü və məhz buna görə onun işdən çıxarılmasına səbəb olub;
- Peşəkarın işə alınması olduqca ciddi qərardır. Bir insan haqda dəqiq və dolğun məlumatların tapılmasına ayrılan zaman xərc deyil, investisiyadır. Mütəxəssisin işə alınması ilə əlaqəli təcili qərar verməklə özünüzə, şirkət və firmanızda olan mühitə və komandanızda olan digər insanların motivasiya və aurasına mənfi təsir etmə imkanını yaradırsınız.
Biznesə peşəkarlar lazımdır, bəli.
Lakin əsl peşəkarın səsini danışanlar, ulduzlar və keçmişdə qalan insanların səsləri içində seçə bilmək vacibdir.