2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 117 ölkəyə məhsul ixrac, 180 ölkədən idxal olunub.
Eləcə də bax: Ən çox ixrac və idxal etdiyimiz mallar - SİYAHI - MƏBLƏĞLƏR
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 27436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15981,4 milyon dollar, idxalın dəyəri 11455,3 milyon dollar təşkil edib. Nəticədə 4526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,0 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsveçrə, İsrail, Hindistan, İspaniya, Fransa, Ukrayna, ABŞ, Birləşmiş Krallıq, Gürcüstan, Kanada, Çexiya, İran, Portuqaliya və Avstraliya ilə aparılıb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiyanın, 11,6 faizi Türkiyənin, 10,6 faizi İsveçrənin, 9,4 faizi Çinin, 6,0 faizi ABŞ-ın, 5,1 faizi Almaniyanın, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukraynanın, 2,7 faizi İtaliyanın, 2,6 faizi Avstraliyanın, 1,9 faizi Fransanın, 1,7 faizi Birləşmiş Krallığın, 1,6 faizi Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Qazaxıstan və Türkmənistanın, hər biri 1,2 faiz olmaqla Belarus və Koreyanın, 14,9 faizi isə digər ölkələrin payına düşüb.