Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində daha bir şirkətə qarşı inzibati protokol tərtib olunub.
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: “Embawood” cərimələndi
FED.az xəbər verir ki, bu dəfə qaydaları pozan şirkət “Azerbaijan Technologies” firması olub. Müəyyən edilib ki, şirkət satdığı məhsullarla birlikdə təqdim etdiyi zəmanət talonlarında, qanunvericiliklə müəyyən olunmuş istehlakçı hüquqlarını məhdudlaşdıran qeyri-qanuni şərtlər yer alıb. Başqa sözlə, alıcıya təqdim olunan sənədlərdə, onun gerçək hüquqları bilərəkdən azaldılıb və ya gizlədilib.
Bu faktla bağlı 22 yanvar 2025-ci il tarixində inzibati protokol tərtib edilib. Belə hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 16-cı maddələrinə ziddir.
Qanunvericiliyə əsasən, satıcılar zəmanət sənədlərində istehlakçının hüquqlarını tam və şəffaf şəkildə əks etdirməlidirlər. Əgər zəmanət sənədində istehlakçının əslində malik olduğu hüquqlar məhdudlaşdırılırsa, bu artıq İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə uyğun olaraq qanun pozuntusu hesab olunur.