Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər.
Eləcə də bax: Rusiyalı iş adamları - AZƏRBAYCANA GƏLƏCƏK
FED.az “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, qurumun baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Azəralüminium” MMC-nin əməkdaşları və “Eco Metal Consulting” şirkətinin icraçı direktoru Markus Spieberger iştirak edib.
“Achenbach Buschhütten” şirkəti əlvan metal prokat, alüminium xəlitələri istehsal edən mürəkkəb zavodların qurulması, modernləşdirilməsi sahəsində yüksək təcrübəyə malikdir. Həmçinin “Achenbach Buschhütten” bu sahə üzrə avadanlıqların istehsalı istiqamətində ixtisaslaşmış şirkətdir və dünya avtomobil sənayesinin aparıcı şirkətləri ilə əməkdaşlıq edir.
Görüşdə “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və yeni metalyayma zavodunun inşası, həmçinin birgə müəssisənin yaradılması və investisiya yatırımının perspektivləri mövzusunda da müzakirələr aparılıb.
Sonda görüş iştirakçıları hər iki qurum arasında iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın inkişafı üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.