Cari ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 18 571 sərnişin daşıyıb.
“Gürcüstan aeroportları birliyi” MMC-nin məlumatına görə, hesabat dövründə AZAL-ın qonşu ölkənin aviasiya bazarındakı payı 2% təşkil edib.
Yanvar-mart aylarında Gürcüstana daşınmış sərnişinlərin sayına görə 101 314 nəfərlə “Türk Hava Yolları” (THY) aviaşirkəti birinci yeri tutub. Türkiyənin əsas aviadaşıyıcısı Gürcüstanın aviasiya bazarında 12% paya sahibdir.
İkinci yerdə “Gürcüstan hava yolları” (“Airzena”) (93 333 sərnişin), üçüncü yerdə isə “Wizz Air” aviaşirkəti (73 156 sərnişin) qərarlaşıb.
Bu ilin ilk rübündə Gürcüstanın hava limanları 839 612 sərnişinə xidmət göstərib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə sərnişin axınında 36% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət yerinə yetirir.