"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı tərəflər “Azərbaycan Hava Yolları” QSC və “Boeing” Korporasiyası arasında çoxillik əməkdaşlıqdan razı qaldıqlarını bildiriblər.
Yaxın vaxtlarda “Azərbaycan Hava Yolları”nın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir.
Öz növbəsində, Kevin Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirmiş və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulmuşdur.
Səfər çərçivəsində qonaqlar son illərdə tikilmiş və yenidən qurulmuş Azərbaycanın mülki aviasiya obyektləri ilə – Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1), “Baku Cargo Terminal” yük terminalı, “Silk Way Business Aviation” biznes aviasiya terminalı, bütün növ hava gəmiləri təmiri və xidməti kompleksi “Silk Way Technics” və digərləri ilə tanış olublar.
“Azərbaycan Hava Yolları” MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə təxminən 40 istiqamətdən ibarətdir. 2017-ci ildə “Azərbaycan Hava Yolları” 2,2 milyondan çox sərnişin daşıyıb.
AZAL aviaşirkəti hazırda “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” tipli təyyarələri istismar edir.