Müəssisədə 92 əməkdaş fəhlədən mütəxəssis vəzifəsinə yüksəlib
FED.az xəbər verir ki, Cənubi Qafqazın ən böyük anbarlarından birinə sahib olan “AVT Logistics” tədarük zəncirinin effektiv idarə olunması üçün insan kapitalını gücləndirir.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və əsas anbarları Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən müəssisədə son bir il ərzində Bakı üzrə 891 yeni iş yeri imkanı yaradılıb.
Müəssisənin Xaçmaz, Qax, Gəncə, Şəmkir, Ağcabədi, Göyçay, Lənkəran, Mingəçevir, Salyanda anbar və qəbul platformaları fəaliyyət göstərir. Təkcə 2023-cü ildə 10-dan çox bölgələrdə yaşayan əhali üçün 147 yeni iş yeri yaradılıb.
Şirkət karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə Fəhlədən İnkişaf Layihəsini (FİL) davam etdirir.
Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirmək məqsədi daşıyan Fəhlədən İnkişaf Layihəsində üç il ərzində 112 əməkdaş iştirak edib, onlardan 92 nəfər mütəxəssis vəzifəsinə yüksəlib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
“AVT Logistics” şirkətinin əsas strategiyası müştərilərin gözlənti və ehtiyaclarını qarşılayacaq təşkilati strukturun qurulması və effektiv logistika xidmətlərini təqdim edilməsidir.