Aprelin 26-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin üzvü “Köşebaşı” MMC-nin yeni filialı “Köşebaşı Boulevard” Restoranında növbəti işgüzar səhər yeməyi baş tutub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr.Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Türkiyə səfirliyinin nümayəndələri, iş adamları, o cümlədən ATİB üzvləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov üzvlər arasında əməkdaşlığın təşviqi istiqamətində görülən işlərə toxunaraq, bu kimi tədbirlərin sahibkarlar arasında işgüzar münasibətlərin genişlənməsinə, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və biznes mühitinin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
Səfir Prof.Dr. Birol Akgün, xanım Ufuk Turqaner və ATİB-in sabiq sədri Cemal Yangın ATİB-in Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəni xüsusi qeyd ediblər. Çıxışlarda Birliyin sahibkarlar üçün yaratdığı əməkdaşlıq platformasının işgüzar münasibətlərin möhkəmlənməsinə və ortaq iqtisadi təşəbbüslərin genişlənməsinə mühüm dəstək olduğunu bildirilib.






















