Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBKSA) və “Maricel Astara Resort”un birgə təşkilatçılığı ilə 28 oktyabr tarixində “Arşın mal alan” milli silsiləvi satış sərgi yarmarkasının açılışı baş tutub.
FED.az xəbər verir ki, Astara Dənizkənarı Park-Bulvar Kompleksində yerləşən “Maricel Astara Resort”da keçirilən sərgidə Bakı və cənub bölgəsindən ümumilikdə 50-yə yaxın KOB subyekti təmsil olunur.
Açılış nitqində KOBSKA-nın sədri Nigar Ələsgərova tədbirin əsas məqsədinin mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılması olduğunu bildirdi. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi də çıxış etdi.
Sərgi yarmarkada tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olundu. Bundan başqa, yarmarkada gün boyu Lənkəran Regional Mədəniyyət İdarəsi, Astara rayon Mədəniyyət Mərkəzi tərəfindən əyləncəli konsert proqramı təşkil olundu.
2-ci “Arşın mal alan” Milli Silsiləvi satış-sərgi yarmarkasının informasiya tərəfdaşı Xəzər Media Mərkəzidir.