Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
Eləcə də bax: Dövlət qurumundan balıq şirkətlərinə - XƏBƏRDARLIQ
FED.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Agentlik sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, eyni zamanda, ölkəmizə quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
AQTA-nın müraciətində deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Bununla yanaşı, aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yuxarıda qeyd olunan ərazilərdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Agentlik bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır".