Aprelin 28-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fındıq ixrac edən sahibkarlar üçün videotəlim keçirilib.
FED.az xəbər verir ki, 50-dən çox sahibkarın iştirak etdiyi videokonfrans zamanı fındıq məhsullarının, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Məhsulların Avropa İttifaqına üzv olan ölkələrə ixracı zamanı sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlər diqqət mərkəzində olub. Bundan başqa ixrac olunması nəzərdə tutulan fındıq məhsullarında aflatoksinin miqdarının bir sıra hallarda normadan artıq çıxmasının səbəbləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda ixrac edilən məhsulların Agentlik tərəfindən qida təhlükəsizliyi sertifikatı ilə təmin olunması ilə bağlı prosedur qaydalar, aparılan toksikoloji analizlər əsasında tərtib edilmiş sınaq protokollarının verildiyi tarixlə məhsulların ixrac tarixi arasındakı vaxt məhdudiyyəti müzakirə olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara bir sıra tövsiyələr verilib və təklifləri nəzərdən keçirilib. Qeyd edək ki, Agentlik tərəfindən sahibkarlar üçün onlayn təlimlər müdəmadi keçiriləcək.