Səhiyyə Nazirliyinin Kollegiyası "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nı təsdiq edib.
FED.az-ın məlumatına görə, aptek özəl klinikanın və topdansatış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələrinin (anbar otağından başqa) ümumi olmasına yol verilir.
"Dərman vasitələri haqqında" qanuna əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir. Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.
Xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilir. Bunun üçün diaqnostik test üsulunun aparılması üçün yer, diaqnostik test üsulunun aparılması üçün standart əməliyyat prosedurları (SƏP), diaqnostik test üsulunun aparılması üçün dövlət standartına cavab verən, yoxlamadan keçmiş ölçmə vasitələrinin (və avadanlığın) olması, diaqnostik test nəticələrinə uyğun həkim müdaxiləsinə qədər yardımın göstərilməsi kimi tələblərə əməl etmək vacibdir.
Aptekin əsas vəzifəsi əhaliyə həkim resepti əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), həkim resepti əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, sarğı materiallarının və xəstəyə qulluq əşyalarının, eləcə də dərman bitki xammallarının, uşaq və dietik qida məhsullаrının, müalicəvi mineral suların, kosmetik vasitələrin, optik ləvazimatların, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin pərакəndə satışı ilə məşğul olmaqdır.
Aptek ayrıca binada və yахud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.
@trend