Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi Xidməti 2026-cı il ərzində reklam qanunvericiliyinin pozulması ilə bağlı 5 şirkət barəsində inzibati xəta protokolu tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 12 yanvar 2026-cı il tarixində “Trip Center of Baku” MMC barəsində protokol tərtib olunub. Şirkət reklam etdiyi malların və xidmətlərin qiymətlərini göstərsə də, həmin qiymətləri manatla ifadə etmədiyi üçün “Reklam haqqında” qanunun 4.9-cu maddəsinin tələblərini pozub və bu hal İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə qiymətləndirilib. Məcəlləyə əsasən bu pozuntuya görə hüquqi şəxslər üçün 800-1000 manat cərimə nəzərdə tutulur.
10 fevral 2026-cı il tarixində “TTC Group” MMC barəsində inzibati protokol tərtib edilib. Şirkətin reklam fəaliyyəti zamanı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilmiş qanuni göstərişlərə əməl etmədiyi müəyyən olunub. Bu pozuntu “Reklam haqqında” qanunun 4.6-cı və 28-ci maddələrinin tələblərinə zidd hesab edilərək İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə rəsmiləşdirilib. Xatırladaq ki, Reklam haqqında qanunun 4,6-cı maddəsi narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının, nikotin tərkibi olmayan elektron siqaretlərin və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamının qadağan olunmasınınəzərdə tutur. Qanunun 28-ci maddəsi isə dərman vasitələrinin, tibb vasitələrinin, tibbi xidmətlərin reklamı ilə bağlı məsələləri tənzimləyir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən bu pozuntu (yəni dövlət qurumunun qununi tələbinin yerinə yetirilməməsinə görə) üzrə 4000-5000 manat cərimə nəzərdə tutulur.
10 mart 2026-cı il tarixində “Zeta Play” MMC barəsində protokol tərtib olunub. Yoxlamalar nəticəsində şirkətin qadağan olunmuş məhsul və xidmətlərin reklamını yaydığı, həmçinin reklam qaydalarına əməl etmədiyi aşkar edilib. Bu hal qanunun 4.7-ci maddəsinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirilib. Məcəlləyə əsasmən belə pozuntuya görə hüquqi şəxslər üçün 1000-2000 manat cərimə nəzərdə tutulub.
16 mart 2026-cı il tarixində isə “Rich Motors” MMC barəsində protokol tərtib olunub. Şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarını pozduğu aşkar edilib. Bu hal “Reklam haqqında” qanunun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qeydə alınaraq İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə rəsmiləşdirilib. Xatırladaq ki, "Reklam haqqında" qanunun 6.1.1. maddəsi öz məhsulunu reklam edərkən digər şirkətlərin məhsul və xidmətləri ilə müqayisə etməkdir. Məcəllənin 428.1-ci maddəsi reklam zamanı məhsullar, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlar yaymağı nəzədə tutur və buna görə, hüquqi şəxslər üçün 4000-6000 manat cərimə nəzərdə tutulur.














