Koronavirus pandemiyası və sərhədlərin bağlanması Azərbaycanda istehal və ixracla məşğul olan şirkətlərə ciddi problemlər yaradıb.
Eləcə də bax: Azərbaycanlı iş adamı: “ABŞ-a mebel ixracını dayandırmalı olduq”
Ərəb ölkələrinə yumurta ixrac edən Hacıqabul Quşçuluq Fabriki də ixracı dayandırıb. Fabrikin istehsal etdiyi 20 milyondan artıq yumurtanın xarab olma ehtimalı var.
Bu barədə FED.az-a Hacıqabul Quşçuluq Fabrikinin direktoru Nemət Babaşov məlumat verib.
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti İSO sertifikatına malik olan respublikanın ən böyük yumurta istehsalçısı və ixracatçıdır. Ölkənin yumurtaya olan tələbatın 40%-ə qədərini Hacıqabul Quşçuluq Şirkəti ödəyir. Şirkət 2018-ci ildə 50 milyona qədər, 2019-cu ilin ilk 8 ayında 35 milyona qədər yumurta ixrac edib.
N.Babaşov FED.az-a bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq xaricə yumurta idxalı da dayandırılıb: «2019-su ildə Ərəbistanın bəzi bölgələrinə - İraq, Dubay və Qətərə yumurta ixrac etmişik. Lakin 2020-ci ilin əvvəllərində dünyada pandemiya elan olunandan sonra əməkdaşlıq etdiyimiz şirkətlər yumurta idxal edə bilmədiyi üçün hazırda ixracatı dayandırdıq».
İş adamının sözlərinə görə, hazırda fabrikə məxsus anbarda 20 milyondan çox yumurta yığılıb: « Satışlar daxili bazarda da zəifdir. Məhdudiyyətlər olduğu üçün əhali marketlərə az gedirlər. Gedərkən də əsasən digər ərzaqlara üstünlük verdiklərinə görə, yumurta almırlar. Buna görə də, yumurtalar anbarlarda yığılıb qalıb. Azərbaycanda olduğu kimi, əməkdaşlıq etdiyimiz ölkələrdə də qeyri-müəyyənlik var. Azərbaycandakı digər fabriklərdəki yumurtaları da bir yerə toplasaq anbarlarda ümumilikdə 50 milyondan yuxarı yumurta var. Hazırda ixrac potensialı olsa da, bunu edə bilmirik».
Xatırladaq ki, koronavirus və sərhədlərin bağlanmasına görə, yumurta ixracının dayandığı ölkə təkcə Azərbaycan deyil. Türkiyə, Ukrayna ixracatçıları da eyni problemlə üzləşiblər və anbarlarda çoxsaylı yumurta qalıb.
Fabrik direktoru yumurtaların anbarlarda xarab olmadığını da deyib: «Yumurtaları «karusel» üsulu ilə saxlayırıq. Yəni bu gün istehsal edilən yumurtalar satışa deyil, anbara vurulur, anbardakı yumurtalar satılır. Bu gün istehsl edilən yumurtalar bir neçə gündən sonra satışa çıxır, bu üsulla da məhsulları təzə saxlamağa nail oluruq».
N.Babaşov bildirir ki, ixrac dayansa da, bəzi ölkələr, məsələn Əfqanıstan Azərbaycandan yumurta almaq istəyir, amma bir problem var: «Onlar yumurtanı nağd ödənişlə almaq istəyirlər, onların bank SWIFT ləri olmadığına görə, yumurtanın pulunu nağd ödəmək istəyirlər. Amma bizim qanunvericilik buna imkan vermir deyə onlara məhsulu ixrac edə bilmirik. Buna görə hazırda ixracımız dayanıb, nə zaman bərpa olunacağını deyə bilmərik».
N.Babaşov bu məsələdə dövlətdən kömək istəyir: «Əməkdaşlıq etdiyimiz şirkətlərin bank hesabları olmadığı üçün pulu nağd şəkildə ödəməyi təklif edirlər. Doğrudur, bu Azərbaycanın mövcud qanunvericiliyinə ziddir. Amma dövlətdən xahiş edərdik ki, yaranmış vəziyyəti, ixracda çətinliklərn olduğunu nəzərə alaraq qısa müddət üçün də olsa, bizə nağd ixracat üçün icazə versin».
Hacıqabul Quşçuluq Fabrikinin rəhbəri müəssisənin üzləşdiyi problemlərin həlli üçün dövlətdən əlavə bir neçə məsələdə də dəstək istəyib: «Məsələn, yem qatqıları bəzi idxal rüsumlardan azad olunsaydı heç olmasa bizə bir az köməklik olardı. Məlumdur ki, yem və yem qatqılarının 80%-i respublikaya kənardan idxal olunur. Buna 18% əlavə dəyər vergisi (ƏDV), 15% də idxal rüsumu tətbiq olunur. Dövlətdən xahiş edərdik ki, bizə idxal rüsumu və ƏDV-dən güzəştlər tətbiq olunsun».
İş adamı bildirib ki, fabrikin kommunal xərclərini ödəməyə də çətinlik çəkirlər: «Biz enerji daşıyıcılarının - dizel yanacağının, elektrik enerjisinin, mavi yanacağın pulunu ödəyə bilmirik. Çünki satış olmadığı üçün hesablara pul gəlmir. Vaxtilə mərhum prezident Heydər Əliyevin göstərişi ilə quşçuluq şirkətlərinə enerji daşıyıcılarının qiymətində güzəştlər olunurdu. Xahiş edərdik ki, belə bir çətin dövrdə bizə bu istiqamətdə də dövlət tərəfindən dəstək olunsun. Çünki pandemiya dövründə bütün şirkətlərdə olduğu kimi, bizim də şirkət böyük ziyan çəkib. Anbarlarımızda 20 milyondan artıq yumurta var, daxili bazarda da bunu satmağımız qeyri-mümkündür. Belə getsə, yumurtanın bir hissəsi xarab olub çölə töküləcək».
N.Babaşov onu da deyib ki, bütün bu çətinliklərə baxmayaraq şirkət heç bir işçini ixtisar etməyib: «Yaşı 60-dan yuxarı olanları, hətta səhhətində narahatlığı olan işçiləri ödənişli məzuniyyətə buraxmışıq. Hər halda pandemiya bitəndən sonra onlar öz işlərinə qayıdacaqlar».