Koronavirus Azərbaycan biznesinə öz təsirini göstərir. Bir çox şirkətlər virusun yayılması ilə əlaqədar ölkələrin tətbiq etdiyi giriş məhdudiyyətlərinə görə, istehsalını dayandırmaq və ya azaltmaq məcburiyyətində qalıb.
Epidemiyanın mənfi təsirini hiss edən daha bir sahə mebel sektoru olub. Bunu FED.az-a ABŞ-a mebel ixracı ilə məşğul olan iş adamı Fərman İslamlı da təsdiq edib.
O bildirib ki, istehsal etdikləri mebelləri əsasən Nyu-York, Pensilvaniya ştatlarına ixrac ediblər: “İxrac olunan məhsullar əsasən yataq, qonaq, stol-stul mebel dəstlərini əhatə edirdi. Bu gün dünya iqtisadiyyatı qloballaşıb. Xüsusən də Amerika bazarı bütün dünya deməkdir. Çünki bütün dünya tədarük mərkəzləri Amerika bazarı üçün işləyir. Təbii ki, biz də Amerika bazarının tələblərinə uyğun olaraq öz məhsul istehsalımızı təşkil edirik. Bizim məhsullar istər dizayn, istər keyfiyyət, istərsə də qiymət baxımından heç bir ölkələrdən geri qalmır. Hətta bir çox paramaetrlərinə görə üstünlük təşkil edir ki, bu gün Amerikadakı mebel firmaları mövcud tədarükçülərinə görə, bizə üstünlük verib, bizimlə işləməyə başlayıblar”.
İş adamı təəssüflə qeyd edib ki, koronavirusa görə mebel ixracı dayanıb: “Təkcə ABŞ deyil, Orta Asiya ölkələri, xüsusən Qırğızıstan, Gürcüstan, hətta Rusiya ilə də ixracla bağlı müqavilələrimiz var idi. Virusla əlaqəli bütün ölkələrdə karantin rejimindədir. Problem xüsusən də ABŞ-ın şərq ştatlarındadır. Buna görə də orada bütün şirkətlər tamamilə bağlanıb. Təbii olaraq müştərilər də alışları dayandırıb. Tələbat azaldığı üçün təbii ki, biz də istehsalı müəyyən qədər azaltmışıq”.
Fərman İslamlı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət tərəfindən açıqlanan “Tədbirlər planı”na da toxunub: “Mebel sektoru tək Azərbaycanda deyil, bütün dünyada koronovirusdan əziyyət çəkmiş bir sektordur. Biz özümüz də dövlət başçısının çağırışlarına qoşulmuşuq. İşlərimiz azalsa da, işçiləri ixtisar etməmişik, hətta onların hər biri ilə görüşüb narahat olmamalarını bildirmişəm. Heç bir işçi iş yerini itirməyəcək. Nə qədər ki, işləmək imkanı var, işləri davam etdirəcəyik. Əgər karantin müddəti uzanarsa, onları ödənişli məzuniyyətə göndərəcəyik. Təbii ki, bunlar şirkət üçün maliyyə yüküdür. “Tədbirlər planı”da bəzi dəstəklər var, yəqin ki, növbəti mərhələlər elan olunacaq. Ümidvarıq ki, orada da müəyyən say olacaq. Amma biz yenə də nəyə gücümüz çatırsa, onu dəstəkləməyə davam edəcəyik”.