“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan mühüm vəzifələrdən biri də xalçaçılığın təbliği və Azərbaycan xalçalarının dünyada satışının təşkil olunmasıdır. Qurum tərəfindən mütəmadi olaraq dünya bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır, “Azərxalça”nın məhsulları beynəlxalq sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc olunur. Bütün bunların nəticəsidir ki, dünyada Azərbaycan xalçalarına diqqət artır, beynəlxalq onlayn satış saytları “Azərxalça”nın məhsullarına maraq göstərirlər.
FED.az-ın azərtac-a istinadla məlumatına görə, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça”nın məhsullarının nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların “Azərxalça” tərəfindən istehsal edildiyi, həmin xalçaların hansı qrupa aid olduğu barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də qeyd edilib. Dünyanın ən çox baxılan saytlarından biri olan amazon.com-da “Azərxalça”nın məhsullarının satışına başlanılması, Azərbaycan xalçalarının beynəlxalq təqdimatı baxımından çox əhəmiyyətlidir.
Qeyd edək ki, bu gün dünyanın ən böyük onlayn mağazasına çevrilən “Amazon” 1994-cü il iyulun 5-də “Cadabra” adı ilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulub. 1995-ci ildə isə şirkət “amazon.com” adını alıb. “Amazon” fəaliyyətə yeni başlayanda məqsədi onlayn kitab satmaq olub.