Almaniyanın maşınqayırma şirkətləri, eləcə də zavodların tikintisi ilə məşğul olan şirkətlər Azərbaycana işgüzar səfərlər planlaşdırır.
FED.az məlumat verir ki, bunu Trend-ə Almaniya İqtisadiyyat və Energetika Federal Nazirliyinin dövlət katibi Tomas Barayss deyib.
O xatırladıb ki, son illər Almaniyadan bir neçə biznes nümayəndə heyəti Azərbaycana səfər edib:
"Almaniya İqtisadiyyat və Energetika Federal Nazirliyinin nümayəndə heyətinin son səfəri ötən ay baş tutub. Bu heyətə sənaye və infrastrukturun modernləşməsində ixtisaslaşan şirkətlərin nümayəndələri daxil idi. Yaxın illərdə maşınqayırma şirkətləri, eləcə də zavodların tikintisi ilə məşğul olan şirkətlərin səfərləri planlaşdırılır".
T.Barayss qeyd edib ki, Almaniya hökuməti xarici ticarət və investisiya alətlərini işə salmaq yolu ilə Azərbaycanda Almaniya sənayesinin fəaliyyətini dəstəkləyir:
"2011-ci ildə yaranmasından bəri Almaniya-Azərbaycan hökumətlərarası qrupu ikitərəfli iqtisadi münasibətləri fəal şəkildə təşviq edir. Almaniya-Azərbaycan Ticarət Palatası 2012-ci ildə Bakıda yaradılıb. 120-dən çox Almaniya və Azərbaycan şirkəti təşkilata üzvüdür. Palata ikitərəfli münasibətlərin inkişafında vacib iştirakçıdır".