Azərbaycanın internet istifadəçilərinin də geniş istifadə etdiyi məşhur ticarət şirkətləarindən alınan mallar region ölkələrinə «Azərpoçt» tərəfindən daşınır. FED.az-ın məlumatına görə, hələ iki il əvvəl 2016-cı ildə Azərbaycanda regional tranzit poçt mərkəzinin (HUB) yaradılmasına başlanıb.
Bu layihədə "Azərpoçt"un əsas partnyoru "Silk Way" Aviaşirkətidir. İki qurum arasında müqavilə imzalandıqdan sonra 2016-cı ilin iyul ayından layihəyə start verilib.
Layihə dünyanın əsas yük mərkəzi olan Cindən sifariş olunan malların bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.
HUB Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Xarici ölkələrdən alınan mallar ilk dəfə məhz buraya daşınaraq burada çeşidlənir və təyinat məntəqələrinə uyğun olaraq ayrılaraq daşınır. Hazırda «Azərpoçt» bu layihə çərçivəsində dünyanın demək olar ki, bütün internet ticarət şirkətlərində satılan malları daşımağa başlayıb. Bura «Aliexpress», «Amazon», «eBay», «Alibaba» və s. aiddir.
«Azərpoçt»dan FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Honq Konq şirkəti ilə bağlanmış müqavilə əsasında 2016-cı il ərzində Honq Konqdan gətirilərək Azərpoçt MMC üzərindən digər ölkələrə (Rusiya Federasiyası və İsrail) göndərilən poçt həcmi 46172 kq, 480 821 ədəd (o cümlədən, 107 747 ədəd sifarişli, 373 074 ədəd sadə kiçik paket) təşkil edib.
2017-ci ildə 374 003 kq, 4 343 679 ədəd (o cümlədən, 527 844 ədəd sifarişli, 3 815 835 ədəd sadə kiçik paket) poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, İspaniya, Lüksemburq, Niderland, Rusiya Federasiyası, Türkiyə, Ukrayna) göndərilib.
2018-ci ilin 5 ayında 155 673 kq, 1 717 150 ədəd (o cümlədən, 224 624 ədəd sifarişli, 1 492 526 ədəd sadə kiçik paket) poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 15 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Lüksemburq, Niderland, Rusiya Federasiyası, Türkiyə, Ukrayna) göndərilib.
Eyni zamanda Azərpoçtun EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan EMS göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir. 2017-ci il ərzində 177 684 kq, 9 394 ədəd iriqabaritli (orta çəki 19 kq) EMS göndərişi tranzit mərkəzdə emal olunub Rusiya Federasiyasına göndərilib.
Hazırda «Azərpoçt» 20-yə yaxın ölkəyə mal daşıyır. Şirkətdən bildirilib ki, layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması gözlənilir.
«Aliexpress» və «Amazon»un mallarını Azərbaycan şirkəti daşıyırmış
14:07
7 İyun 2018