Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Akabe" şirkətinə 10,6 milyon dollar (9,8 milyon avro) məbləğində kredit ayırıb.
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
“"Akabe” cəlb edilmiş krediti qısamüddətli borclarının yenidən maliyyələşdirilməsinə, dövriyyə vəsaitlərinin həcminin artırılmasına, anbar və yardımçı obyektlərin tikintisinə yönəldəcək", - deyə məlumatda bildirilir.
Layihənin ümumi dəyəri 13,3 milyon dollar təşkil edir, qalan vəsait isə borcalanın özü tərəfindən təmin ediləcək.
“Akabe” MMC Azərbaycanda inşaat mallarının satışını həyata keçirir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 172 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 38 layihə daxildir və onların həyata keçirilməsinə təxminən 1,4 milyard avro ayrılıb.
"İnterfaks-Azərbaycan"