Azərbaycandakı KOB ekosistemi çərçivəsində olan əksər oyunçuların ekologiyaya vurduqları zərərin ölçüsünü hesablamağa savadı yoxdur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
“Yaşıl biznes standartı”nın hazırlanması üzərində çalışırıq"
Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı sektorunda ekologiyaya ciddi ziyan vuran KOB-ların bundan heç xəbəri də yoxdur: "Onlar bilmirlər ki, resurslarından düzgün istifadə etmirlər, bilmirlər ki fəaliyyətləri nəticəsində torpağın duzlaşmasına səbəb olurlar. Bunu bilənlərin isə əksər hallarda resursları, bacarıqları və səriştələri həmin problemlərin qarşısını almağa, onlarla mübarizə aparmağa imkan vermir".
E.Əliyev hesab edir ki, iqlim maliyyələşməsinin çatışmazlığı KOB-ların qarşısında duran mühüm əngəllərdən biridir: "Ümumi təəssürat ondan ibarətdir ki, KOB-lar bu gün özünü varlılın toyunda kasıb qonaq kimi hiss edir. İqlim dəyişməsi mövzusundakı maliyyələşmədə böyük məbləğlərdən söhbət getsə də əslində KOB-ların həll etdiyi məsələlərə çox kiçik məbləğlər tələb olunur. Azərbaycanda əsas problemlərdən biri suyun azlığıdır. Fermerlərin istifadə etdikləri bir çox irriqasiya sistemləri köhnə üsublu suvarma sistemləridir. Halbuki müasir texnologiyalardan istifadə suyun 80 %-nə qənaət etməyə imkan verə bilər. Bəs bizdə bu niyə baş vermir? Bu onunla əlaqədardır ki, KOB-ların sadəcə olaraq yeni texnologiyaların tətbiqi ilə əlaqədar xərcləri öz biznes planlarına daxil etmək üçün imkanları çatmır".
"KOB-lar iri şirkətlərdən fərqlənməlidir. Bu fərqlənmə isə öz növbəsində praktiki nəticələrə gətirib çıxarmalıdır. Bunlardan biri isə təbii ki, maliyyələşmə çərçivəsidir. Bu istiqamətdə biz Azərbaycan Mərkəzi Bankı ilə iş aparırıq. Bu prosesə hətta Asiya İnkişaf Bankı da cəlb edilib. Bu proses eyni zamanda KOB-lardan müəyyən şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsini tələb edir. Çünki heç bir maliyyə institutunu heç kim məcbur edə bilməz ki, kiməsə fərqli şərtlərlə maliyyə resursları versin. Buna baxmayaraq KOB-lara yanaşma fərqli olmalıdır",- deyə o qeyd edib. (Report)