Amerikalı Henri Verren artıq 12 ildir ki, Azərbaycanda yaşayır. Onun adı sosial şəbəkələrdən bəlkə də çoxuna məlumdur. Verren burada həm müəllim, həm də təsərrüfat rəhbəridir.
Eləcə də bax: Azərbaycan balı dünyada - 3-CÜ OLUB
Azərbaycanlı xanımla ailə həyatı quran amerikalı burada şəxsi biznesini yaradıb.
FED.az Henri Verren ilə həmsöhbət olub.
41 yaşlı Verren deyir ki, Azərbaycana köçdükdən sonra burada öz işinin müdiri olmağı qərara alıb: “Həyat yoldaşım azərbaycanlıdır, onunla Bakıda Krisna Şüuru Dini İcmasında tanış olmuşam. burada 2014-cü ildə ailə həyatı qurmuşam, 6 yaşında bir oğlumuz var. Ötən illər ərzində Azərbaycanda qalmaq, yaşamaq üçün müxtəlif səbəblərim olub. Azərbaycanda yaşamağı qərara aldıqdan sonra düşündüm ki, niyə də şəxsi biznesim, işim olmasın. Belə qərara gəldim ki, kiminsə əlinin altında işləməkdənsə, şəxsi biznes qurmağım daha yaxşı olar».
Azərbaycanda mebel mağazaları bağlanır və bu... yaxşıdır? – «MEBEL İNQİLABI»
Uşaqlıqda ən çox sevdiyi iş onun biznesi və gəlir mənbəyinə çevrilir
Azərbaycanda yaşadığı müddətdə yerli bala heyran olan Verren beləcə uşaqlıqdan çox sevdiyi işi biznesə çevirməyi qərara alır: “2005-ci ildən arı saxlayıram. Arıçılıq mənim ən çox zövq ala biləcəyim işdir. Uzun illər idi ki, bir hobbi olaraq arı saxlamağı çox sevirdim. Zamanla sevimli hobbidən biznes məqsədi ilə istifadə etdim”.
Onun ilk müştəriləri ən yaxın dostları, tanışları olub: “Facebook”, “İnstagram”, eyni zamanda digər sosial şəbəkələr müxtəlif məhsulların satışı üçün effektiv ola bilər. Lakin bal elə bir məhsuldur ki, bunu alan şəxs onun təbii və təmiz olmasına inanmalıdır. Məhz bu səbəbdən əksəriyyət daha çox yaxınlarından, tanışlarından, əmin olduqları birindən bal alırlar. O səbəbdən düşünürəm ki, bal biznesinin inkişafı, idarə olunmasında sözün qüdrəti daha böyükdür. Yəni, biri səndən bal alır, bunu bəyənirsə, artıq ətrafındakılar da sənin mağazanın qapısını açacaqlar, bal alacaqlar. Mağaza açmadan öncə onlayn platformalar üzərindən satışlarım olurdu, əlavə xərclər – vergi, işçi xərci, kommunal xərclər və s. çıxmadığı üçün işlərim daha rahat idi”.
Onun ilk alıcıları elə Verrenə daha çox etibar edən, onun balını sevən dostları, yaxınları olub.
Verren bir müddət sonra biznesini daha da genişləndirmək üçün bu işi yalnız onlayn platforma üzərindən görməklə kifayətlənməyərək mağaza açıb: «Yaxın günlərədək bu mağazanı işlətdim. Lakin bu o qədər sərfəli olmadığından, faydam daha az olduğundan biznesimi yenidən onlayn platformalar üzərindən idarə etməyə başlamışam. Məsələn ötən il dekabr ayı istisna olmaqla mağazadan demək olar ki, faydam, böyük gəlirim olmayıb. Lakin maddi olaraq itkilərim oldu. Lakin cari ildə bir sahibkar olaraq fəaliyyətimi davam etdirərəm, VÖEN hesabımdan aylıq xərcləri ödəyirəm».
İvanovka balı – Bu işdə atası da ona dəstəkdir
Amerikalı Verren deyir ki, hazırda Azərbaycanın müxtəlif regionlarında arıları var: «Mən özüm istehsal edib bu balı satıram. Yəni, belə deyim, bu biznesi tam olaraq özüm idarə edirəm. Qeyd edim ki, xüsusən İsmayıllı rayonunun İvanovka kəndində bal arılarımı saxlayıram. Atam da orada yaşayır, bu işdə mənə dəstək olur. Bundan başqa, Goranboyda da bal arılarım var, onları Kəpəz dağının başında saxlayıram. Yalnız rayonlarda deyil, Bakıda da arılarım var».
Amerikalı Verrenin Kəlbəcərdə də arıları var
O deyir ki, 2021-ci ildə Daşkəsən və Kəlbəcərdə də bal arıları saxlamağa başlayıb və bu işdə dostları da ona yaxından kömək olub. Qiymətlərə gəlincə, Henri deyir ki, kilosuna görə satdığı balın qiyməti 35-40 manat arasında dəyişir.
Azərbaycanda təmiz, təbii bal biznesini inkişaf etdirməyi hədəfləyən Verren hələlik ki, istehsal etdiyi balı hansısa ölkəyə ixrac etmək haqda düşünməyib.
Arıçılıqla məşğul olan amerikalı həm də müəllimdir
İngiltərənin məşhur «Plymouth Univesity»i bitirən Verrenin Azərbaycandakı fəaliyyəti yalnız arıçılıq təsərrüfatı ilə yekunlaşmır. Verren uzun müddətdir ki, Azərbaycanda ingilis dili müəllimi olaraq çalışır. Pandemiya ilə əlaqədar isə o bu işləri onlayn platformalar üzərindən edib. Lakin bir müddət öncə yenidən ofisini açıb, onlayn platformailə yanaşı həm də əyani olaraq kurslar keçir: “İlk təhsilim “Ətraf Mühit Elmləri” üzrə olub. Bu ixtisas üzrə bakalavr dərəcəsi aldıqdan sonra, ingilis dili müəllimi olaraq təhsil aldım və ingilis dilini tədris etmək üçün “CELTA” diplomu aldım. 2010-cu ildən Bakıda həm ingilis dili müəllimi kimi işləyirəm”.
Azərbaycandan geri qayıtmaq barədə düşünmür
O Azərbaycanın təbiəti, mədəniyyətinin vurğunudur: “Azərbaycan füsunkar ölkədir. Bu, Şərq və Qərb arasında bir çox müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsidir. Çox fərqli iqlim bölgələri var, ölkəniz heyrətamiz dərəcədə gözəlliklərə sahibdir”.
Verren hələlik Azərbaycanda nə qədər müddət qalaağını qərarlaşdırmasa da, geri qayıtmaq haqda da planı yoxdur.
Amerikalı Verrenin də Azərbayanda istehsalına töhfə verdiyi balla bağlı idxalı, ixracı və istehsalla bağlı rəqəmlərə diqqət yetirək.
Bal istehsalı sərfəlidirmi? - Rəqəmlər nə deyir
Dövlət Statistika Komitəsinin rəsmi veb saytında dərc olunan məlumatlara əsasən 2021-ci ildə Azərbaycana 676 min dollarlıq 134 ton bal idxal edilib. Eyni zamanda 2021-də ölkədən 6,61 min dollar dəyərində 510 kq bal ixrac edib. Qeyd edək ki, daha əvvəlki il - 2020-də bal idxalı və ixracı ilə bağlı rəqəmlər daha az olub. Belə ki, 2020-ci ildə Azərbaycana 479 min dollar dəyərində 123 ton bal idxal edilib, 5,61 min dollar dəyərində 290 kq bal ixrac edilib.
Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunan statistik müşahidənin nəticələrinə görə 2021-ci ildə ölkədəki 33 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 802 ton bal, 173 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun - 13,2 manat, vərəmumun - 92,3 manat, güləmin - 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.