Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İcma Gücləndirilməsi Assosiasiyasının (ACE) birgə təşkilatçılığı ilə “Fermaya dönüş” adlı geniş icma pikniki təşkil edilib.
FED.az xəbər verir ki, tədbir Merilənd ştatının əsas kənd təsərrüfatı qoruqlarından birində “Greenway Farms LLC”-ə aid fərdi ferma ərazisində təşkil olunub. Əsas məqsəd paytaxt Vaşinqton, Virciniya və Merilənd ştatlarında yaşayan soydaşlarımızın biraraya gəlməsi və yerli ferma fəaliyyətləri ilə tanış olmasından ibarət olub.
Tədbirə ABŞ-da yaşayan soydaşlarımız ilə birgə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da qatılıb.
Qonaqlar təşkil olunmuş musiqi proqramı ilə yanaşı, uşaq və böyüklər üçün nəzərdə tutulmuş oyunlar və yarışmalara qatılıblar. Tədbir iştirakçıları qruplar şəklində, birinci at və daha sonra isə balıq fermasında fermaların iş fəaliyyəti ilə yaxında tanış olublar.
Tədbir musiqi, rəqslər, oyunlar və karaoke yarışması ilə davam edib. Soydaşlarımızın Azərbaycan və əcnəbi repertuarlardan mahnı parçaları oxuması maraqla qarşılanıb.
Tədbirdə ətraf ərazilərdə restoran xidməti sahəsində fəaliyyət göstərən amerikalı və azərbaycanlı bizneslərə öz məhsulları ilə çıxış etmək imkanı yaradılıb. Əsas məqsəd soydaşlarımızın biznes və məhsullarının Azərbaycanlı icma nümayəndələri ilə arasında tanıtmaqdan ibarət olub.
ABŞ-Azərbaycan Ticarət Palatası iki ölkə arasında ticarət və biznesin təşviqi və genişləndirilməsi, eləcə də yeni biznes imkanlarının müəyyən edilməsi istiqamətində müəyyən işlər aparmaqdadır. Yerli Azərbaycanlı icmasının da iki ölkə arasındakı ticarətdə rolunun və iştirakının genişləndirilməsi bu istiqamətlərindən biridir.
Qeyd edək ki, yay ayları ərzində icma nümayəndələrinin müxtəlif formatlı yeni görüşlərinin keçirilməsi nəzərdə tutulub.(AZƏRTAC)