Atalar yaxşı deyib- "Niyyətin hara, mənzilin də ora." Onu da Amerikaya niyyəti gətirib. Elə bu niyyətlə də burada yuva qurub, necə deyərlər, ev-eşik sahibi olub…
Haqqında söhbət açdığım Səbuhi Nəsibov 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. 2010-cu ildə həmin şəhərdə fəaliyyətdə olan litseyi bitirib. 2010-2011-ci illərdə Türkiyənin Sivaş Cümhuriyyət Universitetində, 2011-2014-cü illərdə isə Çin Xalq Respublikasının Şanxay Dövlət Universitetində çin dili filologiyası və biznesin idarə olunması üzrə təhsil alaraq hər iki ixtisasdan fərqlənmə diplomuna layiq görülüb...
Eləcə də bax: Amerikada azərbaycanlı iş adamı – «Azərbaycandakı kimi yaşayacaqlarsa bura gəlməsinlər»
2015-ci ildən ABŞ-da yaşayır. Buraya gələndən sonra iki il Vaşinqtondakı kolleclərdən birində oxuyaraq biznesin idarə olunması üzrə ixtisasını artırıb. 2017-ci ildən Ohayo ştatının Kolumbus şəhərində məskunlaşıb. Beş ay "Chase" bankının İT departamentində proqramçı işləyib. Hazırda "Natonwide" sığorta şirkətinin baş İT departamentində proqramlaşdırma üzrə şöbə rəisi vəzifəsində çalışır…
…Atası Vüqar Nəsibov tikinti sahəsində bizneslə məşğuldur. Əslən Yevlax rayonundandır. Anası Reyhan Nəsibova isə evdar xanımdır…
Deyir ki,- "ABŞ-a gəlmək istəyənlər ilk növbədə təhsil haqqında düşünməlidirlər. Sonra gərək amerika mədəniyyətinə hörmətlə yanaşmağı bacarsınlar, yerli insanlara qaynayıb qarışa bilsinlər. Əgər bu keyfiyyətlərə yiyələnə bilsələr uğur qazanacaqlarına inanıram"…
Səbuhi həm də bizneslə məşğul olur. Qardaşı Azərlə birlikdə üç şirkət yaradıblar. Şirkətlərdən biri ev və ofislərin təmizlik işlərinə baxırsa, ikincisi inşaatla məşğul olan təmir-tikinti şirkətidir. Üçüncü şirkət isə mebel satışını həyata keçirir. Deməli, Malaziyanın "AVRS" mebel zavoduna xüsusi eskizlər göndərib, sifarişlər verir və oradan hazır mebel dəstlərini qəbul edirlər. Maraqlısı da odur ki, həmin dəstlərin adları Azərbaycanla bağlıdır. "Bakı", "Qarabağ", "Aran", "Dərbənd", "Cəbrayıl", "Ağdaş", "Naxçıvan", "Füzuli", "Şuşa", "Göyçə", "Quba" və s. mebel dəstlərinin hər biri bir model olaraq amerikalıların da xoşlarına gəlir…
Eləcə də bax: Dünyadakı ən varlı qadın və kişinin - ADI AÇIQLANDI
Səbuhi bir başqa oğuldur. Azərbaycanı çox sevir. Milli kimliyinə sədaqətlidir. Həyatını amerikalı xanımla bağlamaq istəmədiyindən, vətənə dönərək bir azərbaycanlı xanımla ailə həyatı qurub. Tezliklə onu da ABŞ-a gətirməyə çalışır...
İbadətindən qalmır, vaxtlı vaxtında namaz qılıb, oruc tutur. Bütün əldə etdiklərini ona Allahın verdiyini dilə gətirib, şükr edir. Cəmi 27 yaşı var, uğurları onu qane etsə də inanırıq ki, ən böyük nailiyyətləri hələ irəlidədir. Çünki Allaha saf niyyətlə baş əyənləri Allah həmişə ucaldıb…
©qaynarinfo.az
ABŞ-da qardaşı ilə birgə 3 şirkət yaradan Səbuhi Nəsibov kimdir?
11:19
6 Mart 2019