ABŞ-da alış-veriş çılğınlığı kimi səciyyələndirilən və satışlarda böyük endirimlərin edildiyi "Qara Cümə" (Black Friday) başlayıb.
FED.az xəbər verir ki, hər il noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan "Minnətdarlıq Günü"ndən (Thanksgiving Day) sonra (cümə günü) baş tutan "Qara Cümə" satışları bu il cümə axşamından etibarən başlayıb.
Nyu-Cersi və Nyu-Yorkdakı mağazaların qarşısında uzun növbələr yaradan minlərlə insan, dondurucu soyuqda saatlarla satışların başlamasını gözləyib.
Bəzi mağazalarda yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə 02.00), bəzilərində isə 18.00-da (Bakı vaxtı ilə 03.00) satışların başlaması ilə xalq endirimli məhsullara hücum edib.
"Qara Cümə"də ən çox üstünlük verilən məhsullar yenə elektron cihazlar olub.
Paytaxt Vaşinqtonda da bənzər görüntülər var. Şəhərdəki böyük marketlər və pərakəndə mağazaların qarşısında uzun növbələr yaranıb.
ABŞ Milli Meteorologiya Mərkəzi, builki Minnətdarlıq Günündə 1901-ci ildən bu yana ən aşağı hava temperaturunun olduğunu açıqlayıb.