Araşdırmaçı jurnalist Hafiz Babalı baş nazirin sabiq müavini Abid Şərifovun Avropada biznes fəaliyyəti olan nəvəsi Nicat Mahmudovla müsahibə alıb.
FED.az biznes portalı "Meydan TV"yə istinadən həmin söhbəti təqdim edir:
Nicat Mahmudov 20 yaşından Londondadır.
O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsidir. Deyir ki, Britaniyaya köçəndən sonra biznesdə qazandıqları öz əməyinin bəhrəsidir. Hazırda onun təkcə bir şirkətə yatırımı 262 min funt sterlinq və ya 540 min manatdırdir. Az, ya çoxdur – özünüz müqayisə edin: yarım milyon manat onun babasının üst-üstə 21 illik rəsmi əmək haqqı qədərdir. A.Şərifov hökumətdə bundan bir qədər çox – 23 ilə yaxın işləyib. Hökumətdə tikinti, nəqliyyat və rabitə sektorları üzrə sorumlu olan A.Şərifov ötən il postunu tərk edib.
Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında yerləşən “Buta Lounge” restoranı (Alamy)
Gənc Nicatı isə 8,8 milyon əhalisi olan Londonda çox az adam tanıyır. 2011-ci ildə Londona ayaq basan Nicat növbəti il Vestminstr Universitetinə daxil olur. Bir il keçər-keçməz burada, Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında dostları ilə “Buta Lounge” restoranı açır. Müştərilərə Azərbaycan xörəkləri, xüsusilə kabablar təklif olunur. Amma bu biznes çox davam etmir. Sonra baş verənləri onun özündən öyrənmək istədik. Nicat Britaniyadakı işgüzar fəaliyyəti barədə məlumat almaq istəyini isti qarşılayıb və Bakıdan ünvanlanan suallara cavab verməyə razılaşıb
“Əvvəl çox çətinlik çəkirdim”
- Nicat bəy, siz ictimai şəxslərin övladı və ailə üzvüsünüz. Bu səbəbdən biznes fəaliyyətiniz medianın maraq dairəsindədir. Britaniyada biznes fəaliyyəti üçün istifadə etdiyiniz vəsaitin mənbəyini açıqlaya bilərsinizmi? Kiprdəki biznes fəaliyyətiniz hansı sahələri əhatə edir və bu ölkədə vətəndaşlıq əldə etmisinizmi? Azərbaycanda sahibkarlıqla məşğul olursunuzmu?
- Böyük Britaniyaya daşındıqdan sonra burada vəsaiti tam şəkildə özüm əldə etmişəm. Hüqüqi xidmətlər və informasiya texnologiyaları ilə məşğul olan şirkətlərim var. İlk əvvəl çox çətinlik çəkirdim, amma sonra işlər asanlaşdı. Britaniyada olan şirkətlərimin filialları həm də Kiprin Larnaka və Limasol şəhərlərində yerləşir. Burada vətəndaşlıq əldə etməmişəm. Azərbaycana gəlincə, orada hal-hazırda aktiv fəaliyyətim yoxdur. Kiprdə yaradılan “Waverington Trading Limited” və “Leofric İnvestments Limited” şirkətlərinin isə mənə aidiyyatı yoxdur. Hər halda təsisçisi mənimlə eyni ad-soyad daşıyan birisidir.
- İlk biznes təcrübələrinizdən olan “Buta Lounge” restoranı necə oldu?
- Buta Lounge satılıb. Xırda proyektləri böyüdüb satırıq. Avropa bankları çox əlverişli şərtlərlə kredit ayırır. “Abeona Global Limited” şirkətindən başqa, hüquq sahəsində çalışan “London Corporate Legal Limited", İT sahəsində işləyən "Syntax İntegration Limited" şirkətlərim var.
- Adlarını qeyd etdiyiniz son iki şirkətin reyestr məlumatları ilə tanış oldum, adınız təsisçilər (payçılar) arasında yoxdur. Sizdə təsdiqedici rəsmi sənədlər varmı, surətini təqdim edə bilərsinizmi?
- Sənədlərdə siz sadəcə şirkətin idarəedici heyətini görə bilirsiniz. Orada payçılar görünmür. Sənədlərin sürətlərini göndərə bilmərəm. Səbəb - məxfiliyin qorunmasıdır. O bilgini sizə Britaniyanın Ali Məhkəməsindən başqa hec kim açıqlaya bilməz. Detallara dair sizi maraqlandıran kölgəli bir nöqtə varsa, hüquqşunasımla danışa bilərsiniz.
“Abeona Global Limited” şirkətini Nicat Mahmudov 2017-ci ilin yayında təsis edib. Bir il sonrakı dövrü əhatə edən maliyyə hesabatında göstərildiyinə görə, onun hesabında 259,6 min funt məbləğində vəsait var. Nicat MeydanTV-yə bu şirkətin FOREX əməliyyatları (valyutaların qiymət dəyişikliklərindən gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarı) sahəsində fəaliyyət göstərdiyini deyir. Şirkət Londonun Durueston (Durweston) küçəsindəki ikimərtəbəli 29 saylı köhnə binada yerləşir. Bura həm də Nicatın qeydiyyat yeri kimi təqdim olunur.
Çexiyada daşınmaz əmlak şirkətinin şəriki
Mahmudovların Avropadakı biznesi Birləşmiş Krallıqla məhdudlaşmır. Ötən ilin iyun ayında Təranə Abid qızı Mahmudova, Nicatın anası, Çexiyada “Olimpik Company s.r.o.” şirkətinin payçılarından və idarəedicilərindən biri olub. T. Mahmudova şirkətin kapitalında 50 faizlik payı Oktay Vəliyevdən satın alıb. Şirkəti 2007-ci ildə Azərbaycan vətəndaşı, işadamı O. Vəliyev yaradıb. Daşınmaz əmlakın, o cümlədən mənzillərin və qeyri-yaşayış sahələrinin icarəsi, lisenziya tələb olunmayan malların istehsalı və satışı ilə məşğul olan şirkətin kapitalı 200 min çex kronudur (təxminən 8,5 min ABŞ dolları). Praqada, Athenska 1528/5 ünvanında yerləşən şirkət, maliyyə hesabatına görə, ötən il vur-tut 218 min kron dövriyyə edə bilib.
Əlli yaşlı Təranə Mahmudova Bakıdakı Şamama Ələsgərova adına 5 nömrəli Klinik Doğum Evində həkim-neonatoloq işləyir. Xəstəxanada MeydanTV-yə deyiblər ki, T. Mahmudovanın işə davamiyyəti normaldır, işinin öhdəsindən gəlir və ondan heç bir narazılıq yoxdur.Amma bura T.Mahmudovanın yeganə iş yeri deyil. O, kapitalına 30 min manat yatırılan “A.N.N.N” MMC-nin direktorudur. Şirkət onun qardaşı Elçin Şərifovun Bakıda, akademik Həsən Əliyev küçəsindəki çoxmənzilli yaşayış evindəki mənzilində 2002-ci ildə qeydiyyata alınıb. Bakıdakı “Optimed” klinikası bu şirkətə məxsusdur. Klinika tarzən Hacı Məmmədov və Mirzəbala Məmmədzadə küçələrinin kəsişməsindəki yaşayış binasının birinci mərtəbəsində bir neçə yüz kvadrat metr sahədə tibbin müxtəlif sahələrində (terapiya, kardiologiya, qastroenterologiya, urologiya, kosmetologiya və s.) xidmətlər göstərir. 2017-ci ilin sonunda isə T. Mahmudovanın iştirakı ilə daha bir şirkət – “Güvən 2017” MMC yaradılıb. Şirkətin qeydiyyat yeri Mahmudovların akademik Həsən Əliyev küçəsində başqa bir binadakı mənzilidir. İki ilə yaxın vaxt keçsə də, T.Mahmudovanın rəhbərlik etdiyi bu biznes qurumunun nə işlə məşğul olduğu hələ bəlli deyil.
Metallurgiya nəhənginin bir mənzlə sığışan Bakı ofisi
Bunlar, yanvar ayında 80 illik yubileyini qeyd etməyə hazırlaşan Baş nazirin keçmiş müavininin ailə üzvlərinin biznesinin heç də hamısı deyil. Ukraynanın metallurgiya qiqantı “İnterpipe” korporasiyası 2000-ci ilin mayında Bakıda “İnterpipe-Azərbaycan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsi təsis edib. Birgə müəssisənin Azərbaycandan olan tərəfdaşının adı açıqlanmayıb. Şirkət başqa yerdə deyil, A.Şərifovun bankir oğlunun mənzilində qeydiyyata alınıb. Ukrayna istehsalçısı görünür o zaman hökumət rəsmisinə yaxın olmaqla neft-qaz hasilatı və daşınması üçün borular, eləcə də dəmir yolu vaqonları üçün təkər və digər komplektləşdiricilərin Azərbaycandakı satışının daha rahat yoluna qoymağı hədəfləyibmiş.
Abid Şərifovun həyat yoldaşı Sədayə xanım Tam Ortaqlı “Kəpəz-S” Firmasının 3 ortağından biridir. 2001-ci ildə iki şəxsin (Yaşar Qarayev və Səkinə Talıbova) vəsaiti hesabına qurulan firmaya Şərifovlar sonradan qoşulublar. Dövlət büdcəsinə 2000 manat vergi borcu olan bu şirkətin də hansı bizneslə məşğul olması haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Onun adı həm də iri tikinti layihələrinin icraçısı olan “EVRASCON” ASC-nin səhmdarları arasında 12,15 faiz payla ön sıralardadır.