Bu gün başlayan alış-veriş çılğınlığında təkcə Avropada 3 gündə təqribən 40 milyard avroluq satış həyata keçiriləcəyi gözlənilir. Bunun da təxminən 10 milyard avroluq hissəsi e-ticarət qaydasında olacaq.
Dünyanın ən məşhur brendlərinin qatılacağı alış-veriş çılğınlığında ən həlledici rolu isə bir Türk firması olan "Netlog" oynayacaq. Bu gün Avropanın ən böyük logistika şirkətlərindən biri "Bleckman"nın da sahibi olan "Netlog", internet üzərindən satın alınan məhsulları qablaşdırıb qapıya təsliminə qədər olan prosesi idarə edəcək.
Mövzu ilə bağlı açıqlama verən "Netlog"un sədr müavini Gökalp Çak, ötən il "Black Friday" günlərində, "Netlog"un ABŞ və Avropadakı müəssisələrində 3 gündə 3,5 milyon internet sifarişini qablaşdırdığını vurğulayaraq, "Bu il isə bu rəqəmi geridə qoyacağıq. Bu il, "Netlog"un xaricdə yerləşən 28 bazasında təxminən 72 saat ərzində 8 milyon internet sifarişini paketləyəcəyik" deyib.
"İŞÇİ SAYIMIZ 15 MİN NƏFƏRƏ ÇATIB"
Sözügedən paketləmə prosesinin çox ciddi bir insan əməyi tələb etdiyini də sözlərinə əlavə edən Gökalp Çak belə davam edib: "Bu çərçivədə bu il İngiltərə, Hollandiya və Belçikadakı anbarlarımızda 4 min nəfərlik əlavə məşğulluq yaratmışıq. Beləliklə, tarixində ilk dəfə "Netlog"un işçilərinin sayı 15 minə çatıb. Logistikada bir dünya markası olmaq məqsədilə çıxdığımız yolda; Bir Türk şirkəti olaraq Avropanın məşğulluğuna kömək etməkdən böyük qürur duyuruq".