Samux rayonun Kolayır kəndində yaşayan Royal Məmmədov hər zaman öz şəxsi biznesini - istixanasını qurmaq barədə düşünsə də, bunun üçün zəruri resursları olmayıb. O, arzusuna Avropa İttifaqının maliyyə dəstəyi ilə AMFA tərəfindən həyata keçirilən “Azərbaycan Regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsində iştirak etməklə nail olub.
FED.az xəbər verir ki, Azərbaycanın bölgələrində yaşayan əksər ailələr kimi, Royal Məmmədovun ailəsinin də kiçik maldarlıq təsərrüfatı olub. Bundan başqa, ailə ona məxsus olan 16 sot həyətdə lobya, xiyar, göyərti əkirdi.
Amma o bununla kifayətlənməyib daha ciddi biznes, istixana təsərrüfatı yaratmaq istəyirdi. Orta təhsilli olan Royal Məmmədov istixana təsərrüfatı barədə məlumatlı idi. İndiyədk bir neçə il Azərbaycanda İsrailin istixana şirkətlərinin birində çalışmışdı. Buradakı biznes imkanlarını görərək 2017-ci ildə öz biznesini yaratmağı qərara alır. Amma ailənin buna imkanı yox idi: «Biz xırda təsərrüfatdan başlamışdıq, belə böyük təsərrüfat yaratmağa imkanımız yox idi. İstəyirik ki, burada ailə üzvlərimiz çalışsın və ailəmizi dolandıraq».
Bir neçə il əvvəl AMFA-nın icra etdiyi layihə barədə xəbər tutan Royal buraya qoşulmağı qərara alır.
2018-ci ilin noyabrından başlayan ADSMİRRA layihəsində regionlardakı mikro sahibkarlara və öz biznesini qurmaq istəyənlərə bir neçə istiqamətdə dəstək verilir. Bura müxtəlif mövzularda keçirilən çoxsaylı təlimlər və biznesə dəstək üçün sərmayə kapitalının verilməsi aiddir.
Təlimlər zamanı iştirakçılara maliyyə vəsaitlərini düzgün idarə etmək, biznesin uğurlu idarəolunması üçün məsləhətlər verilib. Təlim zamanı Royal öz biznes planını hazırlayaraq layihə komandasına təqdim edilib. Royalın istixana yaratmaq planı uğurlu olur və ona maddi dəstək verilir: «Bizə elan edildi ki, biznes planınız qəbul edilib, qalib gəlmişik, bizə istixana tikmək üçün 4 min manat qrant ayırdılar».
Royal bildirir ki, layihənin dəstəyi olmasaydı istixana qurmaq mümkün olmayacaqdı: «Həmişə kiminsə işçisi olmuşam, amma hər zaman öz işimi qurmaq xəyalı ilə yaşamışam. Əlimizdə müəyyən məbləğ olsa da, işə başlamaq üçün kifayət etmirdi. Bizə təkan, dəstək lazım idi ki, işə başlayaq, bunu da layihədən aldıq».
Royalın ailəsinin 16 sot torpaq sahəsi var. Layihədən aldığı dəstəklə onun 6 sotunda istixana yaradıb, ilk mövsümdə lobya və şüyüd əkib, onları Gəncədə satıb: «Uzun müddət İsrailin istixana yaradılması üzrə şirkətində çalışmışdım, şəxsi istixanamı yaratmaq çoxdankı arzum idi, şükürlər olsun ki, bizə bu imkan yaradıldı. Hazırda öz istixanamda çalışıram».
Sahibkarın sözlərinə görə, biznes qurmaqda maddi dəstəklə yanaşı, təlimlərin də böyük köməyi olub: «İndiyədək mən bazar iqtisadiyyatından xəbərdar deyildim. Biznes qurmaq üçün nə etmək lazım olduğunu bilmirdim. Amma təlimlərdə bizə nə etməli olduğumuzu, işləri necə, hansı ardıcıllıqla aparmağı öyrətdilər. Məsələn, öyrətdilər ki qazancın hamısını xərcləmək olmaz, 100 manatlıq məhsul satırıqsa, onun 50 manatını yenidən işə qoymalısan ki, biznes ayaqda qalsın».
«Bu layhədə öyrəndim ki, məhsulunu satmaq istəyirsənsə onu keyfiyyətli istehsal etməlisən, keyfiyyəti varsa, onu yüksək qiymətə satmaq olar və daha yüksək gəlir götürərsən. Bunun üçün də məhsullara yaxşı qulluq etmək, gübrələmə və sair işləri qaydasında yerinə yetirmək lazımdır» - Royal qeyd edir.
Royal Məmmədov bildirir ki, təsərrüfatda onun ailə üzvləri üçün iş yeri yaranıb, burada ana-anası, qardaşı çalışır. İndi əsas planı istixananı daha da böyüdüb burada istilik sistemi qurmaqdır. İstilik olsa, Royal parnikdən qışda da, yəni ildə iki dəfə məhsul götürə biləcək: «İstilik sistemi qurulsa parnikdə qışda da məhsul almaq mümkün olacaq. Məsələn, çiyələk əkmək istəyirəm. 6 sotluq parnikdən 4-5 ton çiyələk götürə bilərik». Royal öz gəlirlərini artırdıqdan sonra işini bir az da böyütməyi hədəfləyir.
İş adamı bütün kiçik sahibkarları, xüsusilə də gənclərin bu cür layihələrə qoşulmasını tövsiyə edir: «Bu gün Azərbaycanın gəncləri dəstək istəyirlərsə bu cür layihələrdən yararlana bilərlər».
Qeyd edək ki, “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.