Dövlət Əmk Müfəttişliyi Azərbaycanın tanınmış tikinti şirkətlərindən olan «Aztikintiyol" MMC-yə qarşı inzibati iş açıb.
FED.az xəbər verir ki, buna səbəb şirkətin öz işçilərinin əmək haqqını 7 ay ləngitməsi olub. Bu barədə şirkətin Şəmkirdə çalışan əməkdaşları yaydıqları videoda bildiriblər.
Şirkətin əməkdaşları bildirib kİ, onlar əmək haqlarını tələb edərkən, şirkətin baş direktoru Mehmanşah Yunus oğlu onlara bildirib ki, istədikləri yerə şikayət edə bilərlər.
İşçilərin yaydığı videoda deyilir ki, bununla bağlı bir sıra qurumlara, o cümlədən Əmək Müfəttişliyinə şikayət etsələr də, nəticəsi olmayıb. Buna görə də «Aztikintiyol"un işçiləri ölkə rəhbərliyindən, dövlət başçısından kömək istəyiblər.
Dövlət Əmək Müfəttişliyi isə bu gün yaydığı məlumatda artıq hadisənin araşdırıldığını və tədbir görüldüyünü bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidməti “Aztikintiyol” MMC-nin işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan məsələni araşdırıb. DƏMX-dən bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq 2022-ci ilin dekabr ayında MMC rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və Xidmət tərəfindən əmək haqlarının ödənilməsi üçün müvafiq göstəriş verilib.