İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub. FED.az xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 14 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon ABŞ dolları və ya 17 faiz artıb. Cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4 milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz, Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz və İtaliyaya 2,4 dəfə artıb.
2019-cu ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (141,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 85 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,2 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon, kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı 16,5 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,9 faiz,
pambıq ipliyinin ixracı 39,5 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50,6 faiz, meyvə-tərəvəzin ixracı 14,6 faiz, şəkər ixracı 10,7 faiz artıb.
2019-cu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon ABŞ dolları və ya 26 faiz artıb. Cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 milyon ABŞ dolları), Türkiyəyə (37,9 milyon ABŞ dolları), İsveçrəyə (14,8 milyon ABŞ dolları) Gürcüstana (14,7 milyon ABŞ dolları) və Yunanıstana (6,1 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon ABŞ dolları) birinci, albalı və gilas (12,5 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nın avqust sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "P-Aqro" MMC, " Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları
əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb. 2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%), və İngiltərə (4,8%) qərarlaşıb.
Bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 11,6 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-avqust ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 90,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.