Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə “Holcim (Azərbaycan)” şirkəti inzibati qaydada məhkəmə tərəfindən cərimələnib.
FED.az xəbər verir ki, məlumata görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Eləcə də bax: Sabiq deputatın şirkəti cərimələnib
Bu əmələ görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na görə idxal müqaviləsi üzrə ödəniş aparıldığı gündən 270 gün müddətində mallar ölkəyə idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Əks halda idxalçı cərimələnir.
Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.