Azərbaycanlı startapçılar kondisioneri əvəz edəcək layihə hazırlayıblar. FED.az xəbər verir ki, söhbət 5 azərbaycanlı tələbənin fikirləşdiyi «Climasel» layihəsindən gedir.
Bakı Ali Neft Məktəbinin 2-ci kurs tələbəsi, «Climasel» layihəsinin marketinq işlərini aparan Güllü Hüseynli FED.az-a bildirib ki, layihə ölçüləri 60 sm x 60 sm olan panellərin hazırlanmasını nəzərdə tutur: «Bu panellərin hazırlanmasında «face change material» adlanan maddədən istifadə ediləcək. Bu aqreqat halını dəyişən maddədir».
G.Hüseynlinin sözlərinə görə, otaqdakı temperatur yüksək olduqda bu maddə istiliyi özünə çəkəcək və tempraturu 20-25 dərəcədə saxlayacaq. Axşamlar isə temperatur aşağı düşdükdə, panel özünə çəkdiyi istiliyi buraxmaqla tempraturu lazım olan həddə qaldıra biləcək. «Yəni bu panellər kondisionerləri əvəz edəcək» – deyə layihə nümaynədəsi bildirir. Startapçının sözlərinə görə, bir panelinin istehsalının maya dəyəri 25 avro, satış qiyməti isə 35 avrodur.
Layihəni reallaşdırmaq üçün investisiya – 400-500 min avro tələb olunur. Layihə müəllifləri bildirir ki, startap yüksək gəlirlə işləyəcək və yatırım edən sahibkar pulu tezliklə götürə biləcək: «Hesablamalarımıza görə, layihə işə başlayacağı ilk il ərzində 300 min avro gəlir gətirə bilər. Əsas yatırım aqreqatın hazırlanmasına sərf oluncaq. Panellər Azərbaycanda istehsal olunacaq. Gəlir bölgüsünə gəlincə isə bu investorlarla müzakirə edildikdən sonra söz demək olar».
Panellərin əsas satış bazarı ərəb ölkələri və Avropanın cənub qərbidir . «Çünki bu ölkələrdə havanın soyudulmasına böyük vəsait sərf olunur.
Layihə müəllifləri bildirir ki, «Climasel» layihəsinə yatırım etmək istəyən investor olarsa, onunla şərtləri müzakirə etməyə hazırdırlar.
Hələliksə, layihə müəllifləri startapa sərmayə cəlb etmək üçün müsabiqələrə qatılmağa üstünlük verirlər.
«Sonuncu dəfə Sosial İnnovasiya laboratoriyanın keçirdiyi «Creative Business Cup» layihəsində Azərbaycan üzrə finalda ikinci yerə layiq görülmüşük. Həmçinin xaricdə keçirilən bir
neçə yarışlarda iştirak etmişik və onlardan nəticələri gözləyirik».
Hazırda qrup Danimarkada «Creativ biznes cup» yarışmasına iştirak üçün müraciət edib: «Qalibə böyük məbləğdə sərmayə veriləcək»- deyə Güllü Hüseynli bildirib.
Azərbaycanda yeni startap var – YÜKSƏK GƏLİR GƏTİRƏCƏK
11:54
30 May 2019