"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Electro İndustries" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 49 milyon 302 min 552 manat təşkil edir. Ehtimal olunan qiymət isə 49 milyon 715 min 114 manat idi.
Qeyd edək ki, "Electro İndustries" QSC "Azərenerji"nin ən böyük tərəfdaşlarından biridir. Şirkət indiyədək qurumun elan etdiyi bir çox strateji əhəmiyyətli layihələrin qalibi olub. Tərəflər arasında bu layihələr üzrə imzalanan müqavilələrin ümumi dəyəri 178 milyon 363 min 833 manat təşkil edir.
Şirkətin qalib gəldiyi digər iri tenderlər aşağıdakılardır:
- "Şəmkir" və "Yenikənd" SES-lərin təsirlənmə sistemlərinin yenilənməsi – 4 milyon 689 min 730 manat (25.12.2025).
- Kəlbəcər Şəhər, Eyvazlı KSES-lərin tikintisi və inteqrasiyası – 36 milyon 150 min 496 manat (01.10.2025).
- 154/110/10 kV-luq “Babək” yarımstansiyasının yenidən qurulması – 24 milyon 83 min 286 manat (17.09.2025).
- 100 MVt-lıq günəş elektrik stansiyalarının inteqrasiyası üçün 110 kV-luq yarımstansiyanın tikintisi – 21 milyon 197 min 467 manat (05.08.2025).
- Cəbrayıl rayonunda “Şəfəq” GES-in qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi – 40 milyon 907 min 134 manat (13.06.2024).
- Sumqayıt-3 yarımstansiyasından zavodlara 35 kV-luq kabel xəttinin çəkilməsi – 2 milyon 33 min 168 manat (15.08.2019).











