Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından (BOKT) biri olan «İnkişaf üçün Maliyyə»nin 2018-ci ilin sonuna maliyyə vəziyyəti məlum olub.
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət ötən ili mənfəətlə tamamlayıb.
Eləcə də bax: "Xarici borclarımızı ödədik, vəziyyətimizi düzəltdik" - BOKT SƏDRİNDƏN AÇIQLAMA
2018-ci ildə «İnkişaf üçün Maliyyə» BOKT-un aktivləri 4 mln 382 min manat olub ki, bu da 2017-ci illə müqayisədə 20,6% azdır. 2017-nin sonunda BOKT-un aktivləri 5 mln 519 min manat idi.
Əvəzində ötən il BOKT-un öhdəlikləri 2017-ci illə müqayisədə düz 2 dəfəyə yaxın azalaraq 5 mln 201 min manatdan 2 mln 569 min manata enib.
2018-ci ildə BOKTun faiz gəlirləri 64,38% azalaraq 2017-ci ildəki 2 445,6 min manatdan 2018-ci ildə 871 min manata düşüb. Faiz xərcləri daha sürətlə azalıb və 2017-ci ildəki 392 min manatdan 34 min manata enib.
Nəticədə ötən il BOKT-un xalis faiz gəliri 28,41% azalaraq 2017-ci ildəki 2 milyon 54 min manatdan 2018-də 836 min manata düşüb. Əvəzində ötən il kredit portfelinin keyfiyyətinin artması nəticəsində BOKT aktivlər üzrə mümkün dəyərsizləşmə üzrə ehtiyatların bir hissəsini qaytarıb. 575 min manatın azad edilməsi nəticəsində şirkətin xalis faiz gəliri 1 milyon 411 min manata çatıb.
Digər tərəfdən BOTK maliyyə öhdəliklərinin ləğvindən də 2 milyon 606,6 min manatlıq gəlir götürüb. 1,7 milyon manatlıq inzibari xərcləri də nəzərə alanda 2018-ci ilin yekununda «İnkişaf üçün Maliyyə» BOKT-un vergiyə qədərki mənfəəti 2 milyon 252,8 min manat təşkil edib. 758,7 min manatlıq vergi ödənişindən sonra şirkət ili 1 milyon 494 min manat xalis mənfəətlə bağlayıb. Bu sözügedən BOKT-un son 4 ildə ilk dəfə mənfəətə çıxmasıdır.
Məlumat üçün bildirək ki, BOKT devalvasiyalar baş verən 2015-ci ili 480 min manat, devalvasiyadan sonrakı 2016-cı ili 5 milyon 884,7 min manat, 2017-ci ili isə 269,5 min manat zərərlə başa vurmuşdu.