Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.
Bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
V.Kərimovun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Ancaq artıq 474 iaşə obyektindən 307-də təmizləyici qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".
Nazirlik rəsmisi əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə məhkəməyə müraciət edib. 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.
V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də qeyd edib ki, şadlıq saraylarının sahibləri milyonlarla manat xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər.