Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra şirkətin bazar dəyəri 2 trilyon dolları keçib.
FED.az xəbər verir ki, “Aramco”nun səhmlərinin qiyməti ikinci ticarət günündə də 10 faiz artıb və şirkətin bazar dəyəri 2,06 trilyon dollar olub.
Eləcə də bax: “Aramco” - 2 TRİLYON DOLLARI KEÇƏCƏK"
Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyirdi.
Beləliklə də “Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti (“ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ilə müqayisədə ən böyük bazar dəyərinə çatıb. Həmçinin şirkət öz dəyərinə görə “Microsoft Corp.” və “Apple Inc.” şirkətlərini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.
Qeyd edək ki, “Saudi Aramco” IPO-dan 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 1,7 trilyon dollara yüksəldib. Beləliklə də “Aramco” bazar dəyəri 1,1 trilyon dollar olmaqla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyub.
“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib.
IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.
Beləliklə də “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub.
Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud IPO tam yekunlaşdıqdan sonra şirkətin bazar dəyərinin 2 trilyon dolları keçəcəyinə əmin olduğunu bildirib.
“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
Azərtac