Xeyriyyəçi, yoxsa biznesmen? - Hacı Zeynalabdin Tağıyevin biznes sirri
12:00
1 Sen 2018
Onu milyonçu, xeyriyyəçi kimi tanıyırıq, adı çəkiləndə ilk ağlımıza gələn məhz bu keyfiyyətləri olur. Amma Hacı Zeynalabdin Tağıyev həm də uğurlu və fərasətli biznesmen olub. Onun milyonlar qazanmasının səbəbi də məhz uğurlu biznes gedişləri və biznes hissiyatı olub.
Hazırda Tarix Muzeyinin yerləşdiyi, vaxtilə isə Tağıyevin yaşadığı evi, onun necə bir düzənli, əsl biznesmenlərə məxsus praktikliyindən xəbər verir. Burada onun çoxuna məlum olan ömür yolu ilə bir daha tanış olub, çoxşaxəli biznes fəaliyyəti barədə məlumatlar topladıq.
Palçıqçılıqdan milyonçuluğa…
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Uşaqlıqdan tikinti ilə məşğul olan və 12 yaşından bənnalıq edən Tağıyev bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınır. Müəyyən vəsait toplayan Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edir.
Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. Amma onun əsas biznes fəaliyyəti təbii ki, Bakı nefti ilə başlamışdı.
Eləcədə bax: Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
Səbirsiz şəriklər və uğurlu neft quyusu…
Həmin vaxt Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Neft hasil etmək indiki kimi yüksək texnologiyalar tələb etmirdi. Sadəcə neftli ərazidə torpaq alıb, səbrlə qazmaq lazım idi.
Hacı Zeynalabdin Tağıyev belə də edir. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki nəfərlə şərik olub Bibiheybətdə torpaq payı icarəyə götürür. Avadanlıq alır, usta və fəhlə tutur, buruq qurdurub quyu qazdırmağa başlayırlar. Amma uzun müddət keçməsinə baxmayaraq neft görünmür. Rəqibləri Hacının müflis olacağını bildiririr, şərikləri isə ümidlərini itirirlər. Onların öz paylarını satmağa müştəri axtardığını görən Hacı axırda özü onların pulunu verib buruğa və yerə yiyələnir. Neftin ləngiməsinə baxmayaraq Hacı darıxmır, dözür, fəhlələrin pulunu heç vaxt gecikdirmir. Nəhayət quyu gözlənilmədən fontan vurur. Bununla da başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin Bakının ən varlı adamlarından birinə, gələcəkdə isə Azərbaycanın ən yaxşı biznesmeninə çevrilir.
Neftə qoyulan sərmayə
Tağıyev, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. Onun artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan böyük nüfuza malik «Q.Z.A.Taqiev» şirkətini də yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yenə sərmayə qoyur və buruq üsulu ilə ilk neft quyusunu qazdırır. Zeynalabdin Tağıyev mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır.
1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. Bundan 4 il sonra - 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur və neft zavodları alır.
1896-cı ildə isə öz şirkətini yaradır. Həmin il onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur - 32 milyon pud (512 litr) neft hasil edir.
Eləcədə bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
Qafqazın ilk neft kəməri
Neft hasilatının artması neftin Avropaya sürətli və rahat çatdırılmasını tələb edirdi. Bunun üçün ilk dəfə olaraq neft kəməri çəkilməsi qərara alınır. Tağıyev də daxil olmaqla yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə «Bakı-Batum» neft kəməri Səhmdar Cəmiyyəti yaradılır. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirməliydi. Bu kəmər Bakı neftini okeanlara və beynəlxalq bazarlara çıxarırdı. Kəmərin tikintisi 1897-ci ildə başlandı və 10 il sonra, 1907-ci ildə tamamlandı.
Yüzillik kombinatın sirri
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Bununla o, həm də Rusiya imperiyasında parça istehsal edən ən böyük zavodu inşa etdirir və “Xəzər Manufaktura Cəmiyyətini” təsis edir.
Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir.
Bakı kommersiya bankı
Ticarət əməliyyatlarının daha səmərəli həyat keçirilməsi üçün o, digər yerli iş adamları ilə birlikdə 1914-cü ildə Bakı kommersiya bankını yardır və bu bankın iderə heyətinin sədri seçilir. Bu bank Tağıyevin demək olar ki, bütün biznes əməliyyatlarının maliyyələşdirilməsi ilə məşğul idi.
Ətək-ətək pul, qorxaq rəqib, Qafqazada ilk
Toxuculuq fabrikini işə salmaq o qədər də asan başa gəlmir. Təkcə fabrikin tikintisinə icazə almaq üçün ətək-ətək pul xərclənmişdi. Rus toxuculuq sənayesinin kralı hesab edilən Morozov başda olmaqla nəhəng fabrikantlar bu işə mane olmağa çalışırdılar. Onlar pambıq tarlalarının Bakıya daha yaxın olmasını nəzərə alıb məhsulun ucuz olmasından, İran, Türkiyə, Türküstan bazarının əldən çıxmasından qorxur, rəqabətdən narahat idilər.
Bu fabrik Rusiyada dövrünün ən müasir texnikası ilə təchiz edilmiş müəssisələrdən biri idi. Avropadan 2 500 maşın və dəzgah gətirilən fabrik ildə otuz milyon arşın bez buraxacaqdı. O vaxtkı pulla bu - 1,7 milyon manata bərabər idi. Fabrikin inşasına 1,6 milyon manat xərc qoyulmuşdu. Tağıyevin fabriki təkcə Bakıda yox, ümumiyyətlə Qafqazda yeganə və ilk parça toxuculuq fabriki idi. Təəssüf ki, bu fabrikə yalnız bez buraxmağa icazə verilmişdi. Mərkəzi Rusiyadakı toxuculuq fabrikasının sahibləri imkan vermədilər ki, burada çit və digər parçalar da istehsal olunsun.
Balıqçılıq və 30 milyonluq sərvət
Tağıyevin üz tutduğu növbəti sahə balıq sənayesi olur. 1890-cı ildə balıq sənayesinə böyük sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olur. Həmin vaxt Hacı Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmış, Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etdirir.
1916-cı ildə isə “Tağıyevin balıq sənayesi səhmdar cəmiyyəti”nin əsasını qoyur. Balıqçılıq qayıqları və gəmilərini alır, Azərbaycan və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular, balığın saxlanılması üçün emal zavodları tikdirir.
1917-ci ilin sonunda onu sərvətinin miqdarı 30 milyon rubla çatır.
Bakının ilk nəqliyyat sahibkarı
Paytaxt Bakıda ilk marşrut xətti də Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Yazıçı Manaf Süleymanlı «Eşitdiklərim,oxuduqlarım, gördüklərim» kitabında yazır ki, Tağıyev beş nəfər sərmayədarla 1887-ci ildə şirkət yaradır və şəhərdə konka yoluçəkməyə başlayırlar. 1892-ci ildə işə düşən konka Bakı üçün böyük yenilik olur. Konkaya iki at, yoxuş olan küçələrdə isə üçüncü atı da qoşurdular. Konkanın şəhər içindəki marşrutu Seyid Mirbabayev (Azneft) meydanından başlayıb Bakının bütün mərkəzini əhatə edirdi.
Qızlar məktəbi necə açıldı?
Tağıyev İmperator III Aleksandrdan Bakıda müsəlman qızları üçün məktəb açmağa icazə istəsə də, Aleksandr bu xahişi rədd edir. Ondan sonra taxta çıxan II Nikolayın tacgüzarlıq mərasimində Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdıraraq Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir. Hacı bildirir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı veriləcək. Bununla da Hacının istəyi reallaşır və icazə alınır. Hacı qızlar məktəbinin xərcini maraqlı üsulla ödəyir - o, banka illik 5% olmaqla 150 000 manat yatırır. Bu da ildə 7 500 manat gəlir gətirərək məktəb xərcini ödəyir. İki ildən sonra 1896-cı ildə qızlar məktəbi açmağa icazə verilir. Tikintisi 1898-ci ildə başlanan məktəb 1900-cu ildə hazır olur və 184 000 manata başa gəlir.
Sovet hakimiyyəti və biznesin sonu…
1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra vəziyyət dəyişir. Bütün varlılar kimi, Hacının də var-dövləti və mülkləri əlindən alınır. Amma yerli əhalinin xahişi və yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, yaşamaq üçün Mərdəkandakı bağ evini seçir. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında vəfat edib. Onun dəfninə çox böyük izdiham toplanmış, qəzetlərdə bu münasibətlə nekroloqlar yazılmışdı.
Neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin sahibi, başqa şəhərlərdə sarayları, malikanələri olan Hacı Zeynalabdin Tağıyev... Və o tarixdə həm də bütün bunların uğurlu idarəedicisi – dövrünün peşəkar biznesmeni kimi qalıb.