Azərbaycanın aparıcı inşaat şirkətlərindən olan «Zəfəroğlu İnşaat»ın təsisçisi və direktoru Zəfər Məmmədov «Bizneskar» video layihəsinə müsahibə verib.
«Azərsun Holdinq»: «Ehtiyacımız olan mal və xidmətlərin yarıdan çoxunu tenderlə alırıq» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, video müsahibədə iş adamı biznes həyatı, şəxsi biznesinin qurulması, müxtəlif vaxtlarla üzləşdiyi vəziyyətlər və çətinliklərdən çıxış yolu ilə bağlı fikirlərini paylaşıb.
Tanınmış iş adamı həmçinin biznes, dövlət-sahibkar münasibətləri, iş adamları ilə bağlı biznes etika məsələlərinə toxunub, həmçinin şəxsi biznesini qurmaq istəyən gənclərə dəyərli məsləhətlərini verib.
FED.az müsahibədən əsas sitatları təqdim edir:
Təsəvvür edin ki, sizin əlinizdə 1 milyon pulunuz var və heç nə yə risk etmirsiniz, həmin o 1 milyon günü gündən məhv olub gedir.
Qocaman sahibkar tanıyıram, hər şeyi talançılıqla əldə edib, özünü sahibkar sayır
Risk etməyən insan uğur qazana bilməz, dəfələrlə biznesimi batırmışam, əvəzində böyük təcrübə əldə etmişəm.
İmkanlı ailədə doğulmadığımız üçün əziyyətlərimiz çox olub. Həm oxuyur, həm işləyirdik
Evdən təhsil haqqı üçün verilən pulla «RAF» alıb, marşruta buraxdıq, özüm də konduktorluq edirdim.
Bu işə başlayanda təcrübəm yox idi, təcrübəsizlikdən əlimdə olan bütün pullarımı itirdim.
Tikintinin inkişaf etdiyi vaxtda daşınmaz əmlak agentliyi yaratdım, 1 ildə 70 əməkdaş və 5 filialımız vardı.
Ukraynada biznes qurduq, böyük gəlir götürdük, amma qrivna ucuzlaşdığına görə zərərə düşdük, müflis olduq.
2010-cu ildə «Zəfəroğlu İnşaat» şirkətini yaratdım, artıq 12 ildir bazardayıq.
Bu işə başlayanda 3500 dollar, yəni o vaxtkı məzənnə ilə 2400 manatım vardı.
Bəzən işdən evə, evdən işə getməyə yol pulu da tapa bilmirdim
«Zəfəroğlu Dizayn» kimi başladıq, artıq «Zəfəroğlu» təmir-tikinti, mebel, pərdə, daha sonra LED lampa istehsalına başladıq.
2021-ci ildə isə Gəncə İş Adamları İctimai Birliyini yaratdıq.
Aztəminatlı ailələrdən çıxan gənclər daha çox uğur qazanır, çünki çətinliklər onları möhkəmləndirir.
İnsan hökmən risk etməlidir, risk etməməyin özü - ən böyük risk deməkdir.
Kitab oxumaqla təcrübə qazanılmır, ən böyük təcrübəni həyat qazandırır
Çətinlik görməyən adam möhkəm ola bilməz, məhz çətinlik sonda insana uğur qazandırır.
Problemlər həmişə ola bilər – əsas məsələ çıxış yolunu tapmaqdır.
Biznes qurmaq üçün əsas məsələ investisiya deyil, əsas - beyindəki fikir, ideyadır.
İqtisadiyyat inkişaf etdikcə fürsətlər azalır – bazarlar tutulur. Yeni bizneslər və yeni fürsətlər yaranır və artıq həmin sahələrdə biznes qurmaq lazımdır.
Bazar araşdırması etmədən şirkət qurmaq ən böyük səhvdir, ilkin araşdırma edib sonra işə başlamaq lazımdır.
Komanda kimi işləməyi öyrənmək lazımdır – biri pul, digəri ideya verə bilər, möhtəşəm nəticə əldə edilə bilər.
KOBİA çox əlçatandır, istənilən şəxs əlaqə sxlayıb məlumat ala bilər. Mən hətta deyirəm ki, KOBİA təcili yardımdan daha tez əlçatandır – təcili yardıma zəng edəndə gözləməli olursan, KOBİA-da yox.
Komanda qurmaq asan deyil, sağlam çalışan insanların sayı çox azdır.
Bəziləri işləmək üçün deyil, talamaq, aldatmaq üçün gəlir ki, necə edib 3-5 manat oğurlayım.
Mən qocaman sahibkar tanıyıram ki, o biznesi talamaqla, dələduzluqla qurub, belə də davm edir, amma özünə sahibkar deyir, ondan biznesmen olmaz.
Biznesmenin cəmiyyət qarşısnıda məsuliyyəti var – tələbə oxutmalı, kiməsə dəstək olmalıdır.
Biznes stressli bir işdir, bizneslə məşğul olanlar 45-50 yaşdan sonra bundan uzaqlaşmalıdırlar.
Deyirlər iş yoxdur, amma mən deyirəm işçi yoxdur.
Adamlar iş axtardıqları qədər iş admları da işçi axtarır – kadr, mütəxəssis yoxdur.
Əziyyət çəkəndə bəhrəsini görürsən, çəkdiyin əziyyətlərin hökmən bir cavabı olur.
Yeni yaranan şirkətlərin 80%-i 10-12 il müddətində məhv olub gedir, bazarda qalmaq böyük uğurdur.
Qarşıdakı illərdə böyük planlarımız var, xidmətdən istehsala keçmək zavod-fabrik qurmağı düşünürük.
Planlarımız həyata keçsə 2025-ci ilədək bir-iki zavod qurmağı hədəfləyirik.
Buradan iş adamlarına səslənirəm – bütün investisiyasın xaricə daşıyanlara: biz nə etsək də son mənzilimiz buradır. O pulu halal qazanmısınızsa onu ölkədən çıxartmağa dəyməz.