“Pandemiya dövrünün stresi, gərginliyi “American life”ın taleyini dəyişdirdi. Çox şirkət işçilərini ixtisara saldı, bəziləri bağlandı, amma bizim şirkət üçün dönüş oldu”
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
“İlk ofisi Sakaryada açdıq”. Qohum-tanışlar “Bizim Ufuğun işləri” deyirdilər. İzmirdə filial açdıq, orda “Ufuk bəy” oldum. Adanada üçüncü filialımız açıldı. Həmin vaxt orda bir xanım kurs açmaqla bağlı mənimlə görüşmək istədi. Adanada artıq işi bilən adam olduq. Türkiyənin “Beşiktaş” komandası ilə çalışa bilmək üçün əvvəlcə İngiltərənin “Arsenal”ını, Fransanın “PSJ”sini razı saldıq, sonra evdəkilər bizi bəyəndi, “Sizinlə çalışa bilərik” dedilər. Bu işlər bir az da belədir”.
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
Bu sözləri FED.AZ-a açıqlamasında Türkiyənin 63 bölgədə filialı olan “American life” şirkətinin həmtəsisçisi Ufuk Vurdum söylədi.
U.Vurdum deyir: “Uğurlu olacağımızı bilirdik, çünki planlamışdıq. Planlasanız, uğurlu olarsınız. Planlamasınız, qismət deyib keçərsiniz”.
Bugünlərdə Bakıda olan Ufuk Vurdum FED.az-ın suallarını cavablandırdı.
- Ufuk bəy, 50 yaşınızı Azərbaycanda qeyd edirsiniz. Dediniz ki, Azərbaycana ilk gəlişiniz deyil. İlk gəlişiniz nə zaman olub? Niyə gəlmişdiniz?
- Gənc yaşlarıma rəqslə məşğul olurdum. Yaxşı rəqs etdiyim üçün məni qrupa aldılar, sonra Türkiyə qastrollarına getməyə başladım. Sonra Rusiyanın bir çox yerlərində müəyyən vaxt ərzində rəqs etdim. Təxminən 1993-94-cü illərdə Azərbaycana da rəqs qrupu ilə səfərimiz olmuşdu. Sonra təhsil sektorunda çalışanda Bakıya bəzi təhsil yarmarkarlarına gəldim. 8 ildir ki, “American life”ın Bakıda bir filialı fəaliyyət göstərir. Bu səbəbdən də 5-6 dəfə Bakıya gəlmişəm. Bakını çox sevirəm, burda olmaqdan zövq alıram.
- Bu dəfə isə “Hoffman Co”nun dəvəti ilə biznes idarəçiliyi ilə bağlı təlim üçün gəlmisiniz…
- Bəli, təklif oldu, dəyərləndirib gəldim. 50 yaşımı da burda tamam etdim. Yarım əsrlik bir təcrübə ilə gəldiyimi deyə bilərəm (Gülür).
- Yarım əsrlik təcrübənizin nəticəsi olaraq bu gün gördüyümüz “American life” var. Ondan danışaq. Bu şirkəti yaradana qədər təhsil sektorunda çalışmısınız?
- Hazırda “American life”ı qurduğum ortağım Yenal Berzek bəylə 24 ildir ortağıq. Hələ 1998-ci ildə onunla birlikdə gümüş və mirvari ticarəti ilə bağlı biznes qurmuşduq. Daha sonra bir çox fərqli sektorlarda işlədik. Bir xeyli müddət isə təhsil sektorunda satış və marketinq işləri gördük. 2007-ci ildə ingilis dili kursu açıb işlətməyə başladıq. 2012-ci ildə isə o kursu “American life” markası etdik.
- Təhsil sektoru məlumdur, bəs təhsildən kənar sahələr sizə hansı təcrübəni qazandırmışdı?
- Çalışdığım sahələrin hamısı biznes idi. Fərqli sahələr olsa da, hamısının ortaq tərəfi satılmağa ehtiyacı olması idi. Biz əslində inandığımız, keyfiyyətindən əmin olduğumuz məhsulu yaxşı sata, marketinqini apara bilən, bunu bir dünya markası halına gətirməklə bağlı arzu və istəkləri olan şəxslərik. Məhsul dəyişə bilər, amma satış dəyişə bilməz. Qazanmaq bir vərdişdir, itirmək kimi. Əgər qazanmağı vərdiş halına gətirsəniz, bəlli bir vaxtdan sonra sektorun vacib olmadığını görürsünüz.
- Bu biznesə necə başladınız?
- 45 min dollar borc alaraq 2007-ci ildə ortağımla ingilis dili kursu işinə girməyə qərar verdik və bir ofis açdıq. Yəni, biz gənc idik, çox da pulumuz yox idi. Ona görə borc alıb bu işə girdik.
- 45 min dollar borcla biznesə başlamaq risk deyildi?
- Satış sahəsində çalışmışdıq. Satış və marketinq təcrübəmiz var idi. Təhsil sahəsində də çalışmışdıq. Riskə gəlincə, inanmaq lazımdır. Risk almayan insanlar heç nə edə bilməzlər. Heç xəta etmək istəmirsinizsə, heç nə etməməlisiniz. Sahibkar olmağa əhəmiyyət verirəm. Əgər böyük xəyallar qurursunuzsa, cəsur addımlar atmalısınız.
- İşə başladığınızda dil öyrənilməsi ilə bağlı hansı dövr idi?
- Biz o vaxt bu işə başlamışdıq ki, dəftər, kitabla öyrədilirdi. Biz də ilk vaxtlar məhz bu metodla işləyirdik.
- Bəs o cür başlayan şirkət necə böyüdü?
- O vaxt siz dəftər və kitabla hazırlığa gəlirdiniz, müəllim sizi dinləyir, evə tapşırıqlar verərdi, siz də hazırlaşırdınız. Zamanla texnologiya hər yerə yayılırdı və şərtlər də tamam dəyişdi. Dəftər-kitabla başladıq, amma yeni texnologiya gəldikcə işimizə tətbiq etdik, yoxsa işimiz böyüməzdi. Bu gün həm də texnologiya ilə ayaqlaşanlar böyüyə bilir. Sonra “Netflix”, “Spotify” çıxdı. Biz də “İngiliscə öyrənmənin “Netflix”ini, “Spotify”nı edək” dedik. Əgər dəyişiklərlə ayaqlaşa bilmirsinizsə, yox olarsınız.
Eyni zamanda, fərqli tədris modelləri təqdim etməyə başladıq. Məsələn, ən son “American life art” deyə onlayn öyrətmə ilə bağlı bir məhsulumuzu yaratdıq. Həm onlayn dil öyrənmə cəhətdən yaxşı yenilik oldu, həm də qazancımızı artırdı. Əvvəl tək ingilis dili öyrədirdik, sonra dil sayını zamanla artırdıq. Hansı dillərə tələb yaranırdısa, ehtiyacı hiss edən kimi başlayırdıq.
Klassik təhsil modellərində uğur normalda az olur. Hazırda “Blended learning” (qarışıq öyrənmə) modellər dünyada ən işə yarayan modellərdir. Yəni, həm texnologiyadan istifadə edəcəyik, həm insanlar üz-üzə gələcək, həm də dərs öncəsi və sonrası praktika etmək fürsətləri təqdim edəcəksiniz.
- Belə asan? Elə hər şey yaxsı oldu? Bəs uğursuz dönəmlər olmadı?
- Əlbəttə, elə dönəmlər də oldu. Gənclər bəzən ilk uğursuzluqda, ilk maddi sıxıntıda yelkənləri suya endirirlər. Mən 3 dəfə iflas etdim, bir dəfə aldadıldım. Amma “İş həyatı pisdir”, “İnsanlar dürüst deyildir” – deyib vaz keçmədim. Hələ də insanları çox sevirəm, güvənirəm. Uğursuzluqlar xətalarımızdır. Xəta etmək, əslində daha sonrakı addım üçün daha güclü, daha qüvvətli olmaq anlamına gəlir. O səbəbdən də biz xəta etməkdən yox, xətalarımızdan dərs almamaqdan qorxuruq. Ona görə də bir uğursuzluq olanda deyirik ki, görə biləcək daha az uğursuzluq qaldı, bir dənəsini də həll etdik.
- Hansı uğursuzluq şirkəti böyütməyə köməklik etdi?
- Mənim oğlum idmançıdır. Millinin düşərgəsinə getmişdi. Düşərgədən dönərkən mən də hər ata kimi məşqçiyə yaxınlaşıb dedim ki, bizim oğlan necədir? Dedi ki, çox atletik, bacarıqlı övladınız var. Bu, çox xoşuma gəldi, şişdim. Amma sonra davam etdi: “Milli komandada bütün uşaqlar çox bacarıqlı, çevik, atletikdir. Əsas çalışqan olmaqdır”. Biznesdə uğursuzluğumuz maliyyə ilə bağlı idi. Şərikimlə şirkəti böyütməyə qərar vermişdik. Bunun üçün isə daha çox pul lazım idi. O pul isə bizdə yox idi. Bunun üçün çox çalışdıq, çox işlədik. Uğursuzluqları çalışaraq atlatdıq.
- Çox pul qazanıb şirkəti böyütmək kimi məqsədiniz var idi?
- Şirkəti böyütmək istəyimiz güclü idi. Amma biz “Çoxlu pulu necə qazana bilərik” deyə yox, “İşimizi necə düzgün görə bilərik” deyə düşündük. “Necə çox xeyir götürə bilərik?” yox, “Necə məmnun edə bilərik” deyə düşündük. Əgər işinizin diqqət mərkəzinə doğru duyğularla, doğru enerjilər qoysanız və hər şeyi doğru etsəniz, nəhayətində bunlar öz qarşılığını tapacaq.
- Zamanla böyütdünüz, bu gün şirkətin 63 filialı var. Böyüyən işi idarə etməkdən danışaq.
- Təbii ki, iş böyüdükcə, idarə etmək də asan olmur. Əgər işinizi doğru bir yerdə qurmusunuzsa və prinsipləriniz varsa, çox çətin olmur. “American life” yaxşı, əxlaqi dəyərləri olan vicdanlı insanlarla çalışır. Məncə, kiminlə birgə işləyəcəyinizi doğru seçib onların karyeraları ilə bağlı qayğı hiss etmək şirkətin asan idarə edilməsinə səbəb olur. Yəni, hər zaman “Mən qazanım, işçi qazanmasın”, “Mən varlı olum, işləyənin nə halı varsa, özü görsün” deyən şirkətlər çox böyüməz. “American life”da işləyən 40 nəfər şirkətimizin filialını açıb. Biz bütün işçilərimizi bu mövzuda dəstəkləyir və ürəkləndiririk. Çünki mənim həyatım nə qədər qiymətlidirsə, işçilərimin də həyatı o qədər qiymətlidir. “American life akademi” deyə bir təşkilatımız var. Bu akademiya bizdə çalışan iş yoldaşlarımızı seçir, öyrədir, inkişaf etdirir və onların xəyallarını geçəkləşdirir. İnsanlar həyat yoldaşlarını seçərkən daha çox diqqətli olurlar. Amma ömür həyat yoldaşları ilə deyil, iş yoldaşları ilə keçər. Hamımız axşam evə yorğun gedib televiziya qarşısında yuxularıq, amma günün ən dincəlmiş halını iş yoldaşlarımızla birgə keçiririk. İnsanın ailəsi, həyat yoldaşı nə qədər əhəmiyyətlidirsə, iş yoldaşları da bir o qədər önəmlidir. Mən ömrümü bərabər keçirdiyim bütün insanların qayğısına qalaram. “American life”ın həyata baxışı belədir.
- İşçilərə verdiyiniz dəyərin qarşılığını onlardan hər zaman almısınız?
- Mən “İşçidən qarşılığını ala bilərəmmi?” deyə baxmıram. Doğru münasibət üçün iki şey gərəkdir. Doğru adam olacaqsan, doğru adamı tapacaqsan. Əgər qarşındakı sənin münasibətinə uyğun reaksiya vermirsə, sən ona görə davranmamalısan. Mənim necə davranacağımı qarşımdakı müəyyən edə bilməz. Bizim şirkətimiz hər vəziyyətdə və istənilən şərt altında özünə rəva bildiyi kimi davranır. Belə davrandığınız zamanda da qarşınıza doğru insanlar çıxar və sadəcə onlar qalır. İşini görməyənlərin, hiyləgərlərin, tənbəllərin “American life”da heç bir şansı yoxdur. Biz kimsəyə potensial günahkar kimi baxmarıq.
- Dil kurslarının bir çoxunu dil öyrədən müəllimlər açırlar. Uğursuz olanları çoxdur.
- Çünki kursu idarəetmə ilə, ingilis dilində dərs demə fərqli şeylərdir. Yəni, “İngilis dili müəllimiyəm, çox yaxşı kurs işlədərəm” deyərsiniz, amma işlədə bilməzsiniz. Hamısı üçün bunu deyə bilmərik. Müəllim yaxşı idarəçidirsə, çox gözəl olar. Amma elə deyilsə, müəllimdir deyə işi yaxşı olmaz.
- Arxada bir pandemiya dönəmi qoyduq. Bu dövrü necə keçirdiniz?
- İnsanlar evdən çölə çıxa bilmədi, bir çox bizneslərin gəliri azaldı. Bağlanan dil kursları az olmadı. Pandemiya dövrünün stressi, gərginliyi “American life”ın taleyini dəyişdirdi. Çox şirkət işçilərini ixtisara saldı, bəziləri bağlandı, amma bizim üçün dönüş oldu. Üstündə uzun müddətdir yavaş-yavaş işlədiyimiz layihəni stressli dönəmdə ortaya çıxardıq, XXI əsrin tədris modelini tətbiq etdik. Bunu bizə etdirən çarəsizliyimiz idi. Məktəblər bağlanınca Amerikanın “Wiley” şirkəti ilə “American life art” (Aktiv uzaqdan təhsil) sistemini gerçəkləşdirdik. “Wiley” dünyanın ən böyük nəşr şirkətlərindəndir. 75 universiteti var. İldə bu işdən 2 milyard dollar qazanan qurumla çözüm ortağı olduq. Bir lirə pul xərcləmədən. Bir krizis varsa, deməli, fürsətlər var. Bunu görmək önəmlidir.
- Hazırda Türkiyədə hansı xarici dillərə daha çox tələb var?
- Türkiyədə birinci xarici dil ingilis, ikinci alman dilidir. Çünki Almaniyada çox böyük sayda türk yaşayır. Almaniyaya iş, yaşamaq üçün gedənlər çox olur. Türkiyədə üçüncü dil rus dilidir. Həm bazar, həm çoxlu turist var, həm də bu bölgədə yaşayan öz qardaşlarımız var.
- Türkiyədə işə qəbulda xarici dil tələbi qoyulması ilə bağlı vəziyyət necədir?
- Şirkətlərin xarici dil tələbi qoyması məsələsi Türkiyədə də var. Dil biliyiniz yoxdursa, sadəcə Türkiyə daxilində iş axtarırsınız, digərində qlobal bir işçi olursunuz. Dünya insanı olmaq çox qiymətlidir.
- Azərbaycanda şirkətlərin xarici dil tələbi çoxdur. İşçilər deyirlər ki, şirkətlərin xarici dil tələbi qoyduqları işlərdə çox vaxt həmin dil biliyi lazım olmur.
- Mən yaxşı şirkətlərin yanlış tələbləri olduğunu düşünmürəm.
- İnsanlar deyirlər ki, dövlət bu işə müdaxil etməlidir.
- Dövlətin qarışacağı və qarışmayacağı işlər var. İşçi pulu verən adamın istəklərini qarşılamalıdır. Türkiyədə dövlət bu işə qarışmır. Şirkətlərin xarici dil tələbi dövlətin heç qarışmayacağı işlərdir. Azad bazar iqtisadiyyatı dövründə bu mövzulara dövlət girərsə, investoru qaçırar. Buna investor qərar verə bilər.
- “American life”i bir dostunuzla qurmusunuz. 24 il bir adamla ortaqlıq etmək necədir?
- Min dəfə yenidən dünyaya gəlsəm, min dəfə də eyni adamla ortaqlıq edərəm. Yenal bəy dünyanın ən düzgün, ən əxlaqlı adamıdır. Atam deyir ki, oğlum, yaxşı ortaqlıq üçün iki şey önəmlidir. Sən doğru olacaqsan və doğru adamı tapacaqsan. Bir də deyər ki, oğlum, ortaq ortaqdan hesab soruşmaz, hesab verir. Özlərini soruşulacaq nöqtəyə gətirməzlər. Biz bu prinsiplərlə, güvənlik münasibəti ilə 24 ildir bu ortaqlığı davam etdiririk. Anlaşılmazlıqlarımız oldu, amma heç bir problemimiz olmadı. Çünki mən Yenalın inciməyindənsə, pul itirməyi seçərəm. Onun üçün mənim heç bir problemim olmadı. Həm yaxşı dostuq, həm də yaxşı ortaq.
- Deyirlər ki, dostunla iş görərsən, gec-tez problem yaşayarsan.
- Əgər bir-birinin ayağının altını qazarsansa, yalan söylərsənsə, düzgün davranmazsansa, tənbəllik edərsənsə, dostun olsa da, olmasa da, ortaqlıq pozular. Bunlara diqqət edərsənsə, heç vaxt münasibət pozulmaz. Ortağınızdan hesab sormağa başladınızsa, o ortaqlıq bitib. Ortaqlığımızın 25-ci ilindən sonra ortaqlıq və ortaqlıq mədəniyyəti ilə bağlı bir kitab yazacağıq, konfranslar verəcəyik.
- 40 nəfər işçinizin şirkətinizin filialını açdığını dediniz. “American life” hazırda françayz şirkətidir. Şirkət yarandıqdan nə qədər müddət sonra artıq françayz təklifləri aldınız?
- Əvvəl kurs idi, 2012-ci ildə artıq hazır marka olaraq bazara girmişdik. Ona görə, ilk ay artıq təklif aldıq. Hardasa 6 ay sonra ikinci filial açıldı.
- Bir filialınız da Azərbaycanda var. Fəaliyyətindən razısınız?
- Bakıdakı işlərin gedişatından çox məmnunuq. Sumqayıt, Gəncədə də filiallarımızın açılacağını söyləyə bilərəm. Azərbaycan bizim ikinci vətənimizdir. Hətta Qarabağda da “American life”ın açılmasını istəyirik. Müraciətlər olarsa, dəyərləndirərik.
- Azərbaycanda yeni filial açılması üçün (françayzinq) müraciətlər var?
- Sumqayıt, Gəncə, Qarabağda filialımızı açmaq istəyənlər buyurub qapımızı döysünlər. Sumqayıtla bağlı bir az əvvəl görüşümüz oldu. Qarabağda filialımızın olmasını çox istəyərdim. Qarabağda açılacaq filialın frayçayz qiymətini və bir illik xidmət haqqını şəhid ailələrinə bağışlayacağıq.
- Françayz üçün müraciət məbləği nə qədərdir?
- “Amerikan life”ın françayzinq üçün ilkin ödəniş qiyməti 20 min dollardır. Aylıq xidmət haqqı da 1000 dollardır.
- Bəs “American life”ın şirkət olaraq maliyyə dəyəri nə qədərdir?
- Bu gün şirkət 8-10 milyon dollar ətrafında dəyərə sahibdir. Ölkə xaricində hələ ki Azərbaycanda fəaliyyət göstərir. Amma biz “American life”ı bir dünya markası edəcəyik. Hazırda Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, İngiltərə və Amerikada filial açılması ilə bağlı danışıqlar gedir. Filial sayı 3 ilin sonunda 120 olacaq.
- Françayzing üçün müraciət ediləndə, sizin də tələbləriniz olur yəqin ki. Lazım olan məbləğ var, başqa tələblər nələrdir?
- Əxlaqlı tacir, yaxşı insan, güvənilə biləcək biri və dürüst olmalıdır. İşi bilib-bilməməsi bizim üçün vacib deyil. Çünki işi biz yaxşı bilirik. Amma yaxşı, əxlaqlı insan olmağı öyrədə bilmərik. Biz doğru adamları tapa bilsək, “American life” çox gözəl yatırımdır, yaxşı pul qazanır.
- Nə qədər məbləğlə “American life”ın filialını qurmaq olar?
- Françayz qiyməti 20 min dollardır. Aylıq da 1000 dollar xidmət qiymətidir. Françayz ödənişi xaric Bakıda bizim şirkətin filialının açılması qiyməti təxminən 30-50 min dollar arasında dəyişir.
- Françayz üçün müraciət edən, amma sizdən “yox” alanlar çox olub?
- Var, çox var. Hətta çox pulu olub “Bu işi həyat yoldaşım görsün”, “Övladım etsin” deyən, amma uşağı və yoldaşı işə gəlməyən, ya da sırf bu prestijli işdir deyə istəyən insanlara verməyi lazım bilmirik. Bizə bizimlə birgə yol gedə biləcək adam lazımdır.
- Niyə yox deyirsiniz?
- Bu səbəblə ki, çox filial çox pul, çox etibar anlamına gəlmir. Çox filial çox problem mənasına gəlir. Mənim dediyimi başa düşməyən, eyni tərəfə baxmayan, eyni fəlsəfədən başa düşməyən adamlara filial açmaq icazəsi verincə, sadəcə problemimiz olur.
- Belə yanlış seçimləriniz olub?
- Əlbəttə, olub. 28 filialımızı ya vermədik, ya geri aldıq, ya da ləğv etdik. Bir il sonra “Artıq bir sizinlə işləməyəcəyik” dediyimiz dostlar olub.
- Nəyə əsasən geri alırsınız?
- Bunun bir çox meyarları var. Birincisi, eyni baxışda olmamaq, hədəflərə sahib olmamaq. Müştəri şikayətləri də burada çox önəmlidir. İşçilərinə yaxşı davranmaq bizim marka üçün vacibdir. Müəllimin maaşını ödəmirsə, gözəl məkanı yoxdursa, işinə yatırım etmirsə, bazarda etibar qazanmayıbsa, borclarını ödəmirsə, insanları gözəl qarşılamırsa, ayaqyolunu təmizlətmirsə və s. biz o markanı onlardan alırıq.
Aygün Asimqızı