26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.
FED.az xəbər verir ki, açılış zəngi tədbiri ilə bankın 15,000,000 (on beş milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbirin açılışında “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir və “PAŞA Kapital İ.Ş.” QSC-nin Baş İcraçı direktoru İsi Mustafayev çıxış ediblər.
Çıxışlar zamanı kapital bazarlarının inkişafında istiqraz emissiyalarının rolu, istiqrazların ikinci bazarında ticarət əməliyyatlarının avtomatlaşdırılması, şirkətlərin və maliyyə institutlarının kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10.5%, ödəniş dövrü 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə), tədavül müddəti 12 aydır. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Tədbirin sonunda “Bakı Fond Birjası” QSC, “ZİRAAT BANK AZƏRBAYCAN” ASC və “PAŞA Kapital İ.Ş.” QSC-nin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılmasını simvolizə edən “Açılış Zəngi” çalınıb.













