“VMF” şirkəti 2023-cü ilin sonunadək 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə şirkətin təsisçisi Vahid Mustafayev məlumat verib.
“VMF”in 1 milyonluq istiqrazlarına 12 investordan 12 sifariş - HƏRRACIN NƏTİCƏSİ
FED.az xəbər verir ki, 19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının debüt yerləşdirilməsi həyata keçirilib. İstiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 13%, ödəmə dövrü 90 gündən birdir. İstiqrazları 12 investor əldə edib
“Şirkətimiz 3 aydan sonra 2 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır”, - deyə Mustafayev bildirib. O qeyd edib ki, cəlb olunmuş vəsait “VMF” saatlarının istehsalı fabrikinin inkişaf etdirilməsinə yönəldiləcək.
Mustafayevin sözlərinə görə, “VMF” fəaliyyətini genişləndirməyi planlaşdırır: hazırda Azərbaycanda şirkətin 20 satış nöqtəsi mövcuddur və 2024-cü ildə onların sayının 30-a çatdırılması planlaşdırılır.
"VMF" şirkəti cəlb edəcəyi vəsait ilə biznesini genişləndirəcək. Azərbaycanı saatlarının bütün dünyaya yayılmasında bu istiqrazların çox böyük rolu olacaq",- Vahid Mustafayev bildirib.
“VMF” şirkəti 1998-ci ildə yaradılıb. Şirkət saat və aksessuarlar bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20,22 min manat, yeganə təsisçisi Vahid Mustafayevdir.
2022-ci ilin sonuna “VMF” şirkətinin aktivləri 5,9 milyon manat, öhdəlikləri 2,3 milyon manat, kapitalı 3,6 milyon manat məbləğində qiymətləndirilir. Ötən il şirkətin xalis mənfəəti təxminən 426 min manat təşkil edib. (İnterfaks-Azərbaycan)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.