21.04.2024-cü il tarixində Bakı Ali Neft Məktəbinin təşəbbüsü əsasında ölkəmizdə 4-cü dəfə TED-in rəsmi lisenziyası ilə TEDxBHOS konfransı keçirilib.
FED.az xəbər verir ki, tədbirdə müxtəlif sahələrdə uğur qazanmış, ölkəmizdə və qlobal miqyasda tanınmış 10 spiker çıxış edib. Konfransda şəxsi və karyera inkişafı mövzusunun müxtəlif və az bilinən istiqamətləri işıqlandırılıb.
Son dövrlərdə ölkəmizdə gənclərin maarifləndirilməsi və inkişafı istiqamətində təqdirəlayiq addımlar atan Unicapital İnvestisiya Şirkəti, tədbirin ərsəyə gəlməsində sponsor olaraq öz töhfəsini verib.
Konfransda gənclərin investisiya sahəsinə böyük rəğbət və marağının olduğu müşahidə edilib.
Xatırladaq ki, bir müddət öncə “Unicapital” ikili əməkdaşlıq çərçivəsində “ADA” Universitetinin tələbələri ilə də “Kapital bazarları” mövzusunda seminar həyata keçirmişdi.
Bütün bunlar, “Unicapital İnvestisiya Şirkətinin” ASC gənc nəslin investisiya sahəsi üzrə maarifləndirilməsini şirkətin uzun vədəli inkişaf perspektivlərində yer alan əsas prioritetlər cərgəsinə qoymasının bariz nümunəsidir.
Qeyd edək ki, “Unicapital” İnvestisiya Şirkəti artıq 17 ildir ki, fond bazarlarının peşəkar iştirakçısı kimi fəaliyyət göstərir. Nizamnamə Kapitalı 100%-lik “Unibank”-a məxsus olan şirkət, hazırda 800 000-i aşqın müştəri bazası ilə ölkəmizdəki ən böyük müştəri sayına sahib investisiya şirkətidir.