Türkiyənin əsas pivə istehsalçısı olan «Anadolu Efes»in səhmləri təqribən 10% ucuzlaşıb.
FED.az xəbər verir ki, ucuzlaşmaya səbəb Rusiya prezidenti Vladimir Putinin şirkətin Rusiyadakı aktivlərini xüsusi idarəetməyverilməsi barədə qərarı olub.
Nəticədə «Anadolu Efes» şirkətinin səhmləri İstanbul Birjasında (Borsa İstanbul) 9,98% ucuzlaşaraq 212,8 lirəyə düşüb.
Ötən gün Rusiya prezidenti şirkətin Rusiya aktivinin – «AB InBev Efes» pivə zavodunun payının «Vmeste» Qrupunun müvəqqəti rəhbərliyinə verilməsi barədə qərar qəbul edib.
Nəticədə birjanın son saatlarında treyderlər «Anadolu Efes» səhmlərini satmağa üstünlük veriblər və qiymətlər aşağı enib.
Anadolu Efes Türkiyənin ən böyük pivə istehsalçısı, istehsal həcminə görə Avropanın 5-ci, dünyada isə onuncu pivə istehsalçısıdır, deyə şirkətin saytında bildirilir.
Qeyd edək ki, «AB InBev Efes» Rusiya bazarında fəaliyyət göstərmək üçün «Anadolu Efes» və Belçikanın «AB InBev» şirkətləri arasında birgə müəssisədir. 2024-cü ilin sonuna qədər bu şirkət hələ də öz sahibi tərəfindən idarə olunan son böyük pivə istehsalçısı olaraq qalırdı. Şirkətin brendləri arasında: «Bud», «Hoegaarden», «Stella Artois», «Löwenbräu», «Klinskoye», «Sibirskaya Korona» və sair var.
Türkiyə şirkəti bundan əvvəl belçikalı tərəfdaşın payını satın almağa çalışıb. Amma Rusiya hökuməti buna mane olub. 2024-cü ilin oktyabrında «Anadolu Efes» «AB InBev» ilə müqavilənin yeni konfiqurasiyası ilə bağlı razılığa gəldi. Onların razılığına əsasən, türk şirkəti Rusiya biznesinin tam sahibi olacaq, lakin onların Ukraynadakı ortaq biznesindəki payını satacaq.
2023-cü ildə AB InBev Efes-in gəliri 11,4% artaraq 108,6 milyard rubla, xalis mənfəəti isə 16,7 milyard rubla çatıb.