Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarı, qiymətli kağızlar bazarında qeyri-neft sektorunun inkişafı fonunda qarşıya qoyulan məqsədlərə çatmaq üçün “Unicapital İnvestisiya Şirkəti”nə 2019-cu ilin sonunadək bütün növ qiymətli kağızların öz vəsaiti hesabına alışı və satışı, bütün növ törəmə maliyyə alətlərinin öz vəsaiti hesabına alışı və satışı, repo əməliyyatlarının öz vəsaiti hesabına cəlb edilməsi və öz vəsaiti hesabına əks-repo əməliyyatların aparılması, tələblərin güzəşt edilməsi və tələbin alınması, öhdəlik götürmədən və öhdəlik götürməklə anderraytinq xidmətlərinin göstərilməsi, bank kreditinin cəlb edilməsi, bank depozitlərinin yerləşdirməsi, daşınar və daşınmaz əmlakın alışı və satışı, qiymətli kağız emissiya edilməsi, aktivlərin idarə edilməsi xidmətin göstərilməsi, marketmeyker qismində çıxış etməsi və s. üçün xüsusi əhəmiyyətli əqdlərin bağlanmasına 30 milyon manat məbləğində limit ayrılması barədə qərar verib.
FED.az-ın məlumatına görə, Bankın açıqlamasında deyilir ki, öz strategiyasına əsasən Unibank, Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. “Hesab edirik ki, “Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.
“Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında əmin addımlarla öz hədəflərinə doğru irəliləməkdədir. 2007-ci ildən bəri iştirakçısı olduğu qiymətli kağızlar bazarında böyük təcrübəyə malik olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan Şirkət, yerli və xarici bazarlarda əsas və yardımçı investisiya xidmətləri göstərir.
"Unicapital” İnvestisiya Şirkətinin investisiya bazarında məqsədi hər zaman göstərdiyi xidmətlər üzrə ölkəmizdə aparıcı şirkət, güvənilir tərəfdaş olmaqdan ibarətdir. Şirkət ölkəmizdə aparılan işlər çərçivəsində iqtisadiyyatın qeyri-neft sektoru üzrə inkişaf və dinamikası üçün qiymətli kağızlar bazarının inkişafını dəstəkləyir, bu yöndə əmin addımlar atmaqdadır.
“Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.