Xəbər verildiyi kimi, bir neçə gündən sonra ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.
FED.az xatırladır ki, seçkilərdə iki namizəd mübarizə aparır. Respublikasıların təmsilçisi, keçmiş prezident Donald Tramp və demokratların namizədi, hazırki vitse-prezident Kamala Harris prezident yarışının iştirakçılarıdır.
Hər bir namizəd öz seçki proqramlarında iqtisadi məsələlərə ciddi yer ayırıblar. ABŞ iqtisadiyyatının gücünü, dünya iqtisadiyyatında tutduğu yeri və təsir imkanlarını nəzərə alanda, namizədlərin vədləri və iqtisadi siyaətləri bütün dünyada öz təsirini göstərəcək.
Maliyyə bazarları, dünya birjaları da ABŞ prezident seçkilərini səbirsizliklə gözləyir, seçkinin nəticələri özünü maliyyə bazarlarında fərqli göstərəcək.
Azərbaycanın aparıcı investisiya şirkəti olan «İnvestAZ» ABŞ prezident seçkilərinin maliyyə bazarlarına mümkün təsirlərini təhlil edib. FED.az investisiya şirkətinin bununla bağlı gözləntilərini təqdim edir:
Trampın vədləri:
Vergilərin azaldılması: Tramp, 2017-ci ildə qəbul edilmiş “Vergi Endirimləri və Məşğulluğun Artırılması Aktı”-nın (TCJA) davamlılığını təmin etmək və yeni vergi güzəştləri tətbiq etmək istəyir. Bunlar aşağıdakılardır:
- Sosial Təminat Gəlirləri üzərindəki vergiləri ləğv etmək.
- Korporativ gəlir vergisini 15%-ə endirmək (mövcud səviyyə 21%-dir).
- Fərdi gəlir vergilərində mövcud olan azadolmaların və güzəştlərin saxlanması
Çinlə iqtisadi münasibətlər: Tramp, Çinlə ticarət münasibətlərini sərtləşdirmək istəyir. O, Çin mallarına 60%-ə qədər yeni rüsumlar tətbiq etməyi və ABŞ şirkətlərinin Çinə investisiya qoymasını qadağan etməyi planlaşdırır.
İşçilər üçün vergi güzəştləri: Tipped (bəxşiş) gəlirlərin vergisini ləğv etmək. Qanuna həmçinin, "Overtime" (iş vaxtından artıq işləmə) gəlirləri üzərində olan vergiləri ləğv etmək daxildir.
Ticarət razılaşmalarının yenidən danışılması: Trampın xarici ticarət siyasəti xarici ölkələrlə ticarət müqavilələrinin yenidən danışıqlarının aparılmasını, "Amerika Üçün Ədalətli Ticarət" prinsipləri əsasında yenidən qurulmasını hədəfləyir. Bu vədlərin icrası ABŞ-da sənaye və ixrac sahələrinin inkişafını təşviq edə bilər.
Enerji müstəqilliyi: Tramp enerji sektoruna, xüsusilə neft və qaz hasilatına ciddi dəstək vəd edir. O, enerji müstəqilliyini təmin etmək və neft-qaz sektorunda sərmayələri artırmaq üçün daha çox yerli resurslardan istifadəni təklif edir. Bu yanaşma, enerji sektoruna maliyyə bazarlarında marağın artmasına və potensial gəlirlərinə təkan verə bilər.
Harrisin vədləri:
Kiçik bizneslərə dəstək: Harris, kiçik və orta sahibkarlara maliyyə yardımlarını artırmaq, onlar üçün kredit əlçatanlığını genişləndirmək və iş yerləri yaratmaq üçün vergi güzəştləri tətbiq etmək vəd edir. Bu təşəbbüs iqtisadiyyatın ümumi sağlamlığına müsbət təsir göstərə bilər.
Vergi ədalətini təmin etmək: Harris, yüksək gəlirli fiziki şəxslərin və korporasiyaların daha ədalətli vergi ödəmələrini təmin etmək məqsədilə vergi islahatları vəd edir. Bu vədlər, maliyyə bazarlarında daha sabit və ədalətli gəlir bölgüsünün təmin edilməsinə yönəlib.
İnkişaf üçün davamlı siyasət: İqlim dəyişikliyi və təmiz enerji sektoruna sərmayələrin artırılması Harris-in vədlərində diqqət çəkən mövzulardandır. Təmiz enerji şirkətlərinə vergi güzəştləri və daha çox sərmayə yönəldilməsi maliyyə bazarında yaşıl investisiyalar üçün yeni imkanlar yarada bilər.
Sosial ədalət və iqtisadi imkanlar:Harris, gəlir fərqlərinin azaldılması və sosial rifahın artırılması ilə maliyyə bazarında ədalətli imkanların genişlənməsi üçün bir sıra təşəbbüslər irəli sürür. Bu, aşağı gəlirli qrupların maliyyə bazarlarına daxil olmasını asanlaşdıra bilər.
İnfrastruktur investisiyaları: Harris həmçinin ABŞ infrastrukturunun yenidən qurulmasına və inkişaf etdirilməsinə böyük sərmayələrin ayrılmasını vəd edir. Bu təşəbbüs, səhmlər və maliyyə bazarlarında infrastruktur və tikinti sektoru ilə bağlı investisiyalara marağı artıra bilər.
Valyuta Birjalarına təsiri
ABŞ-da baş tutacaq seçkiləri dolların dəyərinə də təsir edir. Yeni hökumətin xarici siyasəti, ticarət əlaqələri və iqtisadi artım perspektivləri dolların güclənməsi və ya zəifləməsinə səbəb ola bilər. ABŞ-da siyasi qeyri-müəyyənlik və zəifləyən iqtisadiyyat fonunda dolların dəyəri azalan tələbin təyziqi ilə ucuzlaşa bilər. Harrisin və Trampın iqtisadi siyasətlərinin bir-birinə tamamən zidd olduğunu nəzərə alsaq seçki sonrası maliyyə bazarlarında, əsasən ABŞ fond bazarları, dollar və qızılın qiymətində güclü volatilliyin yarana biləcəyi istisna edilmir.
Birjalarda volatilliyin artma ehtimalı gəlir əldə etmə imkanları yaratmaqla birgə riskləri də artırmış olur. Bu səbəbdən investorlara hesabları nəzarətdə saxlamaqları və hesab dözümlülüklərini artırmaqları tövsiyyə olunur.
Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidi. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.