Wall Street-in Tesla şirkəti ilə bağlı ən optimist analitiklərindən biri olan Daniel Ives, şirkətin səhmləri üçün qiymət hədəfini 43% aşağı salıb. O, bu qərarını Tesla-nın baş direktoru Elon Musk və ABŞ prezidenti Donald Trump-ın apardığı ticarət siyasətinin şirkət üçün yaratdığı brend böhranı ilə izah edib.
Texnologiya nəhəngləri investorları məyus etdi – SƏHMLƏR ƏRİDİ
FED.az xəbər verir ki, “Tesla qlobal səviyyədə artıq siyasi bir simvola çevrilib,” – deyə Wedbush Securities analitiki Daniel Ives müştərilərinə göndərdiyi hesabatda bildirib. “Musk indi bu qeyri-müəyyən dövrdə liderlik göstərməli və cəmiyyətin nəbzini tutmalıdır.”
Ives, Tesla üçün olan qiymət hədəfini $550-dan $315-ə endirib. Bu, Bloomberg tərəfindən izlənilən 72 analitik arasında ən yüksək ikinci qiymət hədəfi idi.
Analitikin əsas narahatlığı, Tesla-nın Çində ABŞ-ın tarif siyasətinə görə yaranan əks təsirlərdən zərər görməsi ehtimalıdır. Xatırladaq ki, Tesla ötən il gəlirinin beşdə birini məhz Çin bazarından əldə edib.
Çin hökuməti 10 aprel tarixindən etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34%-lik tarif tətbiq etməyi planlaşdırır. Bu, Trampın Çin mallarına qarşı tətbiq etdiyi “qarşılıqlı tarif” səviyyəsinə cavab olaraq görülür. “Bu vəziyyət Çinli istehlakçıları daha çox yerli brendlərə, məsələn, BYD, Nio və Xpeng-ə yönəldəcək,” – deyə Ives qeyd edib. Onun fikrincə, Tesla öz yaratdığı brend imici problemləri səbəbilə qlobal səviyyədə ən azı 10% potensial müştərisini itirib və bu belə, konservativ bir qiymətləndirmə ola bilər.
Tesla-nın səhmləri, Trampın ABŞ-a idxal edilən bütün məhsullara ən azı 10%-lik tarif tətbiq edəcəyini elan etməsindən sonra cəmi iki gün ərzində 15% ucuzlaşıb. Ümumilikdə isə, şirkətin səhmləri 17 dekabrda gördüyü rekord yüksək göstəricidən bu yana 50% dəyər itirib.