“SpaceX” şirkətinin səhmlərinin qiyməti 18 iyun tarixində 179 dollardan aşağı düşüb. Halbuki 16 iyunda bir səhm 225 dollar səviyyəsinə qədər yüksəlmişdi.
Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, “Forbes”in məlumatına görə, bunun nəticəsində şirkətin bazar kapitallaşması 2,99 trilyon dollardan 2,37 trilyon dollara enərək təxminən 620 milyard dollar azalıb.
“SpaceX” səhmlərinin ucuzlaşması şirkətin baş direktoru İlon Maskın sərvətini də 67,8 milyard dollar azaldaraq təxminən 1,2 trilyon dollara endirib. “Forbes” bildirir ki, səhmlərin dəyərinin azalmasına süni intellekt proqram təminatı hazırlayan “Cursor” startapının alınması ilə bağlı sövdələşmə təsir göstərib. 60 milyard dollarlıq bu əməliyyat tam şəkildə “SpaceX” səhmləri ilə ödənilib və investorların payının seyrəlməsi ilə bağlı narahatlıqlar yaradıb.
“SpaceX” “Cursor”un alınmasını 16 iyunda elan edib. Sövdələşmənin bu ilin üçüncü rübündə tamamlanması gözlənilir. Bundan sonra “Cursor” tam şəkildə “SpaceX”in mülkiyyətinə keçəcək və onun törəmə şirkətinə çevriləcək. “SpaceX”in startapı almaq planları barədə ilk məlumatlar aprelin sonunda ortaya çıxmışdı.
İyunun 12-də “SpaceX” hər biri 135 dollar qiymətində 555,6 milyon adi səhm yerləşdirərək IPO həyata keçirib. Şirkətin ilkin bazar dəyəri 1,77 trilyon dollar qiymətləndirilib. Bu IPO sayəsində “SpaceX” 75 milyard dollar həcmində maliyyə vəsaiti cəlb edib. IPO-dan sonra İlon Mask dünyanın ilk trilyoneri olub. İki gün sonra isə “SpaceX”in bazar kapitallaşması 2,5 trilyon dolları ötüb.















