Azərbaycanda daha bir bank olmayan kredit təşkilatı – «Azkredit» BOKT istiqraz buraxmağa hazırlaşır.
“Azkredit” aktivlərindən ən yaxşı istifadə edən - BOKT-DUR
FED.az xəbər verir ki, «Azkredit» BOKT ümumi məbləği 500 min manat olan istiqraz buraxır. Yerləşdirmə çərçivəsində hər biri 1000 manat olan 500 istiqraz satışa çıxarılacaq. İstiqrazlar 1 illik müddətə, illik 8%-lə buraxılır, faizlər 90 gündən bir ödəniləcək. Yerləşdirmənin anderrayteri ölkənin aparıcı investisiya şirkəti olan «İnvestAz» çıxış edir.
Qeyd edək ki, «Azkredit» BOKT 2019-cu ildə yaradılsa da, son 2 ildə sürətlə böyüyüb.
Belə ki, 2019-cu ilin nəticələrinə görə şirkətin cəmi aktivləri 187 min manat olsa da, 2020-ci ilin nəticələrinə görə, cəmi aktivlər 1 milyon 67 min manat, 2021-ci iln nəticələrinə görə isə 1 milyon 979 min manata yüksəlib.
Şirkətin kapitalı 1 milyon 590 min manatdır, onun 300 mini nizamnamə kapitalı, 1290 min manat isə səhmdarların sonradan əlavə etdiyi vəsaitlərdir.
Hələlik şirkətin kredit portfeli kiçikdir, 129 min manat, debitor borcları cəmi 43 min manatdır, problemli krediti isə mövcud deyil.
Buna görə də şirkətin gəlirləri hələlik yalnız digər gəlirləri maddəsi ilə səhmdarların vəsaitləri hesabına təmin edilib.
2021-ci ildə , «Azkredit» BOKT-un digər gəlirləri 2,9 milyon manata yaxın olub. Bundan 827 min manat əmək haqqı, 374 min manat isə inzibati xərclərə sərf edilib.
nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 1 milyon 663 min manat olub. 327 min manatlıq mənfəət vergisindən sonra, «Azkredit» BOKT 2021-ci ili 1 milyon 330 min manat xalis mənfəətlə tamamlayıb.
İstiqrazların məbləğini və faiz dərəcəsini nəzərə alanda güman etmək olar ki, qiymətli kağızları şirkətin elə öz səhmdarları və ya ona yaxın investorlar alacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.