Vətəndaşlarımız və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəlib.
Eləcə də bax: SOCAR İstiqrazları - REKORD QİYMƏTƏ YÜKSƏLDİ
“SOCAR Capital” şirkətindən FED.az-a verilən məlumata istinadən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1.25 milyon dollarlıq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
"Təkrar bazar əməliyyatları həcminin 190 milyon dollara çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon dollar təşkil etməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir",- Şirkətin məlumatında deyilir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq.