SOCAR istiqrazlarının 11-ci kupon ödənişi edilib.
“SOCAR Capital” şirkətindən FED.az-a verilən məlumatda bildirilir ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi avqustun 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.
İstiqrazların növbəti kupon ödənişi cari il noyabrın 1-də baş tutacaq.
Üç ilə yaxındır yerli fond bazarında ən çox müraciət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR istiqrazları 11-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min dollar gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 12 milyon 375 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).
Hazırda SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi 47 milyon dolları ötüb. Bağlanmış əqdlərin sayı isə 800-dür.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bu günədək SOCAR istiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlayır və 2016-cı ildən indiyədək investorlarına 37 milyon dollardan çox gəlir qazandırıb.
SOCAR istiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən və Azərbaycanda fəaliyyət göstərən rəsmi investisiya şirkətlərindən əldə edilə bilər (AzərTac).